Bakı səmasında eşidilən dron səsləri Milli Məclisdə müzakirə olundu

Bakı səmasında eşidilən dron səsləri Milli Məclisdə müzakirə olundu Gündəm

“Bildiyiniz kimi, ötən günlərdə Bakı səmasında dron səsləri eşidilib və insanlar çox narahat olub. Amma təəssüf ki, müvafiq dövlət qurumları bu barədə açıqlama verməyib”.

News24.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən iclasında bildirib.

“Bu kimi hallarda, ictimai rezonans doğuran hadisələrlə bağlı açıqlama verilməyəndə şayiələr yayılır. Bu da dövlət orqanlarının gözdən salınmasına səbəb olur. Dövlət orqanları ictimaiyyəti zamanında bu barədə vaxtında məlumatlandırmalıdırlar ki, şayiələr yayılmasın. Xahiş edirəm, Milli Məclis Aparatı bu çıxışımı Müdafiə Nazirliyinə deputat sorğusu kimi ünvanlasın”, - millət vəkili əlavə edib.

Deputat Siyavuş Novruzov da məsələyə münasibət bildirib. O qeyd edib ki, bu gün dünyada informasiya müharibəsi hərbi müharibəni üstələyir: “İnformasiya müharibəsi elə aparılır ki, dezinformasiyalar nəticəsində panikalar yaratmaqla ölkələrdə xaos, anarxiya və digər addımlar atılır. Bu gün bizim ətrafımızda baş verən hadisələr onu göstərir ki, informasiya müharibələri uzun gedəcək. Vaxtilə Rusiya-Ukrayna müharibəsi başlayanda qeyd etdilər ki, 1 həftəyə bitəcək. Artıq 4 ildən artıqdır davam edir və İkinci Dünya müharibəsini keçib. Hesab etmirəm ki, Yaxın Şərqdə də baş verən hadisələr yaxın zamanda öz həllini tapacaq. Adi Azərbaycan hərbi hissələrinin dron uçuşunu böyük panikaya çevirməyə cəhd edənlərin qarşısının alınması üçün əhali ilə iş aparılmalıdır. Buna görə deputatların da üzərinə ciddi iş düşür. Həm mətbuatda, həm də görüşlərdə bu barədə fikirlər onlara çatdırılmalıdır”. (qafqazinfo.az)