"Fransa və Rusiya danışıqlara müdaxilə edir" - — Səməd Seyidov

"Fransa və Rusiya danışıqlara müdaxilə edir" - — Səməd Seyidov Gündəm
"Biz sülhlə bağlı öz gündəliyimizi dəyişmirik və sülhün əldə olunmasında israrlıyıq. Bizim təkliflərimiz masadadır. Bu yaxınlarda komitə sədri və Azərbaycan-Amerika Dostluq qrupunun rəhbəri olaraq nümayəndə heyəti ilə ABŞ-a səfər etdik. Orada da gördük ki, dünyanın ən aparıcı ölkəsi olan ABŞ Azərbaycanın bu istiqamətdə atdığı addımları dəstəkləyir". 

Bu fikirləri News24.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. 

Millət vəkili bildirib ki, Blinkenin telefon zəngi və bu istiqamətdə söhbətlərin aparılması da bunu sübut edir:

"Ən əhəmiyyətli məsələ odur ki, Azərbaycan həmişə birbaşa ikitərəfli - yəni Azərbaycan-Ermənistan danışıqlarının aparılmasını təklif edir. Hər hansı tərəf müdaxilə edir və ya vasitəçi rolunu oynayırsa, o, məsələlərə müdaxilə etməməli, sadəcə, danışıqları aparmaq üçün şərait yaratmalıdır. Beynəlxalq hüquq çərçivəsində danışıqların tərəfdarı olmalıdır. Necə ki, bunu Brüssel və ABŞ edir. Təəssüflər olsun ki, biz bunu Fransa haqqında deyə bilmirik. Eləcə də, təəssüf ki, bunu tam şəkildə Rusiya ilə bağlı da deyə bilmirik. Çünki son zamanlar rus ordusunun nümayəndələri, - mən onlara sülhməramlılar deyə bilmirəm, - gördüyü işlər mandatlarına uyğun gəlmir. Bu isə təbii suallar doğurur. Ona görə də, hesab edirəm ki, nə vaxtsa Brüssel danışıqları olacaqsa, o danışıqlarda Şarl Mişelin ümumi vasitəçilik missiyasını nəzərə alaraq ikitərəfli görüşlərin təşkil olunması zəruridir. Bu istiqamətdə siyasətimizi davam etdirəcəyik".

Aynurə Pənahqızı