Bu elektron siqaretlər qadağan olunmayacaq - Komitə sədri açıqladı

Bu elektron siqaretlər qadağan olunmayacaq - Komitə sədri açıqladı Gündəm

Azərbaycanda Milli Məclis maye halda buxarlanmadan qaynaqlanan elektron siqaretlərin idxalı, istehsalı, satışı və istifadəsinin qadağan olunması ilə bağlı qanun layihəsini müzakirə edib. Layihəyə əsasən, elektron siqaretlər və onların komponentləri “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişikliklə tütün məmulatı kimi daxil ediləcək və ölkədə tam qadağan olunacaq.

Bu təşəbbüs yalnız Azərbaycana xas deyil - dünya miqyasında bir çox ölkə elektron siqaretlərə ciddi məhdudiyyətlər tətbiq edib və ya onları tam qadağan edib. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, ən azı təxminən 40-45 ölkədə elektron siqaretlərin satışı və ya ümumi istifadəsi qadağan edilib.

Məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Musa Quliyev News24.az-a açıqlamasında bildirib ki, elektron siqaretlərin qadağan olunması ilə bağlı qanun layihəsi artıq müzakirə mərhələsindədir və proses plan üzrə davam edir.

"Müvafiq komitələrin birgə iclasında layihə ətraflı şəkildə müzakirə olunub və sənədin Milli Məclisin plenar iclasında birinci oxunuşda baxılması tövsiyə edilib. Elektron siqaretlər dünyada son 20 il ərzində sürətlə populyarlaşan və geniş şəkildə reklam olunan məhsullardandır. Elektron siqaretlər ilkin mərhələdə cəmiyyətə guya daha az zərərli, nikotin tərkibi yüngül olan alternativ kimi təqdim olunurdu. Sonradan isə onlara müxtəlif qoxu və dadlar əlavə edilməklə xüsusilə gənclər üçün daha cəlbedici hala gətirildi”.

Musa Quliyev vurğulayıb ki, elektron siqaretləri əsasən iki kateqoriyaya ayırmaq olar: nikotin əsaslı və kimyəvi birləşmə əsaslı elektron siqaretlər. Onun sözlərinə görə, nikotin əsaslı elektron siqaretlərin zərər dərəcəsi digər tütün məmulatlarına yaxındır:

“Nikotin əsaslı elektron siqaretlər də sağlamlıq üçün təhlükəlidir və demək olar ki, klassik tütün məhsulları ilə eyni səviyyədə zərər verir. Lakin kimyəvi birləşmə əsaslı elektron siqaretlər daha ağır fəsadlara yol açır. Bu növ məhsullar ağciyərlərdə ciddi xəstəliklərin yaranmasına səbəb olur”.

Deputatın sözlərinə görə, son günlər mediada Azərbaycanda bütün növ elektron siqaretlərin qadağan ediləcəyi ilə bağlı yayılan məlumatlar tam doğru deyil:

“Bəzi məlumatlarda qeyd olunur ki, ölkədə elektron siqaretlərin bütün növləri qadağan olunacaq. Bu, həqiqəti əks etdirmir. Nikotin əsaslı elektron siqaretlərə tütün məmulatlarına tətbiq olunan məhdudiyyətlər tətbiq ediləcək. Yəni satış, reklam və istifadə ilə bağlı ciddi tənzimləmələr olacaq. Amma kimyəvi birləşmə əsaslı elektron siqaretlər tamamilə qadağan ediləcək və onların satışı dayandırılacaq”.