Bu gün qısa iş günüdür
Gündəm
Bu gün Azərbaycanda iş vaxtı qısaldılmış şəkildə tətbiq olunur.
News24.az xəbər verir ki, bu qayda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 108-ci maddəsində nəzərdə tutulub.
Qanunvericiliyə əsasən, iş günü hesab edilməyən bayram günlərindən əvvəlki günlərdə həftəlik iş günlərinin sayından asılı olmayaraq iş vaxtı bir saat azaldılır.
Məcəllədə həmçinin göstərilir ki, iş günü sayılmayan bayram günlərində yerinə yetirilən işə görə işçiyə əməkhaqqı ödənilməlidir.
Bundan əlavə, işçi istirahət günü, səsvermə günü, iş günü hesab edilməyən bayram günləri və ya ümumxalq hüzn günü işlədiyi halda, onun istəyi ilə əməkhaqqı əvəzinə başqa bir istirahət günü verilə bilər.
Eyni zamanda, əməkhaqqının ödənilməsi günü istirahət gününə, səsvermə gününə, ümumxalq hüzn gününə və ya qeyri-iş günü sayılan bayram gününə düşərsə, maaş həmin günlərdən əvvəlki iş günündə verilməlidir.
Qeyd edək ki, sabahdan Azərbaycanda bayram tətili başlayır. Novruz və Ramazan bayramları ilə əlaqədar olaraq 20–30 mart tarixləri qeyri-iş günləri elan olunub. Şənbə və bazar günləri də nəzərə alınmaqla ölkədə ardıcıl 11 günlük tətil olacaq. Bayramdan sonrakı ilk iş günü isə 31 mart hesab edilir.