Ceyhun Bayramov somalili həmkarı ilə DANIŞDI
Gündəm
Somalinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdisalam Abdi Ali Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə "News24.az"a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Qeyd edilib ki, telefon danışığı zamanı Yaxın Şərqdə hərbi eskalasiya, eləcə də İran tərəfindən Azərbaycana edilmiş dron hücumu ilə bağlı müzakirə aparılıb.
Bu cür addımların Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəldiyi və regionda sabitlik üçün risklər yaratdığı vurğulanıb, Somali tərəfi bu hücumları qətiyyətlə pisləyib. Tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə hörmət edilməsinin, eləcə də regional və qlobal təhlükəsizlik üçün gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyini qeyd ediblər.
Telefon danışığı zamanı habelə Azərbaycan ilə Somali arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu çərçivədə, Somalinin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində oynadığı rolun əhəmiyyəti qeyd edilib.