Daha güclü və dağıdıcı zəlzələ olacaq? - Qurban Yetirmişli DANIŞDI

Daha güclü və dağıdıcı zəlzələ olacaq? - Qurban Yetirmişli DANIŞDI Gündəm

"Zəlzələdən sonra baş verən ardıcıl xırda təkanlar narahatlıq doğurmamalıdır və bu hal seysmik proseslərin təbii davamıdır".

Bunu News24.az-a açqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib.

O bildirib ki, vəziyyət nəzarət altındadır və təkanların intensivliyi getdikcə azalacaq:

"Dünən qeydə alınan zəlzələdən sonra ərazidə xırda təkanlar – avtoşoklar davam edir. Bu, normal və gözlənilən prosesdir. Enerjinin mərhələli şəkildə boşalması nəticəsində zəif təkanlar bir müddət ara-sıra davam edə bilər.

Ümumilikdə 260-dan çox xırda təkan qeydə alınıb. Onlardan ikisi – 3-4 maqnitudalı təkanlar dərinliyinə görə hiss olunub. Bu cür zəif təkanlar təhlükəli sayılmır və zamanla azalaraq fon səviyyəsinə enir".

Qurban Yetirmişli Bakıda güclü və dağıdıcı zəlzələnin baş vermə ehtimalının olmadığını da diqqətə çatdırıb.

O eyni zamanda güclü zəlzələdən sonra torpaq sürüşməsi ilə bağlı ehtimallara da aydınlıq gətirib:

"Torpaq sürüşməsi ehtimalı isə real görünmür. Yağıntılar səbəbindən torpağın müəyyən qədər hərəkəti mümkün ola bilər, amma bunun dəqiqləşdirilməsi üçün yerində araşdırma aparılmalıdır".

Qeyd edək ki, dünən Şamaxıda 4.7 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar episentrdə 5 bala yaxın, ətraf rayonlarda 3-4 bala yaxın hiss olunub. Daha sonra 3-4 maqnitudalı yeraltı təkanlar qeydə alınıb.

Gülçin Abdullayeva