Əli Əsədov rusiyalı həmkarına zəng etdi
Gündəm
Azərbaycanın Baş naziri Əli Əsədov ilə Rusiya hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.
News24.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Telefon danışığı zamanı Azərbaycan-Rusiya ticari-iqtisadi əməkdaşlığının aktual məsələləri müzakirə edilib.
Ticarət dövriyyəsinin artımında müsbət dinamika qeyd olunub. Qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə birgə layihələrin həyata keçirilməsi məsələlərinə baxılıb.
Söhbət əsnasında Rusiya tərəfi mürəkkəb regional vəziyyət şəraitində Rusiya vətəndaşlarının İrandan operativ şəkildə təxliyə edilməsinə göstərdiyi yardıma görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.
Hökumət başçıları Rusiya Hökuməti sədrinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətinin dünən Bakıya etdiyi səfərin vacibliyini vurğulayıb, bu ilin aprel ayında Azərbaycanda İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi barədə əldə olunmuş razılaşmanı alqışlayıblar.
Fürsətdən istifadə edərək Ə.Əsədov M.Mişustini 60 illik yubileyi münasibətilə təbrik edib, ona gələcək dövlət fəaliyyətində uğurlar arzulayıb.