Heydər Əliyev irsi Azərbaycanın dövlətçilik tarixində strateji dayağa çevrilib - Deputat

Heydər Əliyev irsi Azərbaycanın dövlətçilik tarixində strateji dayağa çevrilib - Deputat Gündəm

"Ümummilli Lider Heydər Əliyev irsinin Azərbaycan xalqının milli şüurunun formalaşması və dövlətçilik tariximizdəki rolu təkcə keçmişin bir hissəsi deyil, bu günün və gələcəyin mənəvi-ideoloji əsasını təşkil edir".

Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, müasir Azərbaycanın milli inkişafının əsası Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə qoyulub:

"Onun çevik siyasəti, prinsipiallığı və milli maraqlara sədaqəti nəticəsində Azərbaycan Sovet İttifaqının “ucqar əyalət respublikası” statusundan çıxaraq siyasi və mədəni sahədə özünü daha geniş şəkildə ifadə etməyi bacarıb. SSRİ-nin siyasi-ideoloji sisteminin nə qədər əzici və qəddar olduğunu bilən və həmin dövrün kataklizmlərindən keçən insanlar, 70-ci illərdə Azərbaycan xalqının öz tarixi köklərinə qayıtmasına xidmət edən bir siyasət yürüdülməsinin nə qədər çətin olduğunu yaxşı anlayırlar".

Deputat qeyd edib ki, Heydər Əliyevin SSRİ-dəki xalqların çoxmədəniyyətliliyi, bütövlükdə mədəniyyət çətiri altında həyata keçirdiyi milli inkişaf siyasətinin nə qədər dəqiq düşünülmüş bir strategiya olduğunu da yaxşı başa düşürlər:

"Bu dövrdə Azərbaycan dilinin və mədəniyyətinin inkişafına xüsusi diqqət göstərilib, milli ədəbiyyat, tarix və mədəniyyət sahələrində milli özünəməxsusluğun qorunması və gücləndirilməsi üçün sistemli addımlar atılıb. İqtisadi və siyasi prioritetlərin milli maraqlara söykənməsi üçün baza formalaşdırlıb. Bu baxımdan, Heydər Əliyev yalnız siyasi lider deyil, həm də Azərbaycan xalqının və dövlətinin milli inkişaf strategiyasının müəllifidir. SSRİ-nin süqutuna qısa bir müddət qalmış, öncə Qarabağın Azərbaycandan qopardılmasına qarşı başlayan etirazların, daha sonra isə müstəqillik hərəkatının iştirakçıları həmin dövrdə yaranan ədəbiyyat nümunələrinin, filmlərin təsiri altında formalaşmışdılar. Bəziləri bunu dərk etmək istəməsələr də, amma göz önündə olan faktlar Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycan xalqını müstəqil yaşamağa hazırladığı təkzibolunmaz reallıqdır".

Ümummilli Lider Heydər Əliyev

Elçin Mirzəbəylinin sözlərinə görə, bu sıraya Azərbaycan dilinin inkişafı, tariximizin öyrənilməsi, hərb sahəsi başda olmaqla bütün sahələr üzrə milli kadrların hazırlanması istiqamətində atılan ardıcıl addımları da əlavə etsək, Heydər Əliyevin işıqlı zəkasının illərin arxasından necə boy göstərdiyini görə bilərik.

"Heydər Əliyevin müstəqillik dövründə siyasi hakimiyyətə qayıdışı isə Azərbaycan tarixinin dönüş nöqtəsidir. Heydər Əliyevin yalnız milli maraqlara söykənən siyasi kursu Azərbaycanın beynəlxalq səviyyədə tanınması və nüfuzunun artması üçün strategiya müəyyənləşdirdi, enerji siyasətinin əsasını qoydu və nəhəng layihələrə yol açdı, gənclər siyasəti və təhsil sahəsində inkişaf imkanlarını səfərbər etdi.

Heydər Əliyevin siyasi irsi bu gün də bir çox sahələrdə inkişaf üçün sarsılmaz təməl rolunu oynayır. Azərbaycanın geosiyasi mövqeyinin güclənməsi və beynəlxalq münasibətlər sistemindəki rolunun artması, Heydər Əliyevin dövlətçiliyin inkişafı konsepsiyasının dərin köklərindən qaynaqlanır. Onun mənəvi-ideoloji və siyasi irsi milli ideyanın, həmrəyliyin və dövlətçilik üçün strateji baxışın simvoludur", - deyə deputat qeyd edib.