İTV-də rəhbər dəyişikliyi: Balakişi Qasımov mayda postunu tərk edə bilər

İTV-də rəhbər dəyişikliyi: Balakişi Qasımov mayda postunu tərk edə bilər Gündəm

Yerli mediada İctimai Televiziya və Radio Yayımları Şirkətində rəhbərlik dəyişikliyinin baş verə biləcəyi ilə bağlı iddialar yayılıb. Bildirilib ki, qurumun baş direktoru vəzifəsini tutan Balakişi Qasımov yaxın vaxtlarda postu ilə vidalaşa bilər.

Məlumata görə, onun səlahiyyət müddəti may ayında başa çatır və bu səbəbdən ayın sonuna qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının iclasının keçirilməsi gözlənilir. İclasın gündəliyinə yeni baş direktorun seçilməsi məsələsinin də daxil ediləcəyi ehtimal olunur.

Məsələ ilə bağlı İTV-dən News24.az-ın sorğusuna cavab olaraq bildirildi ki, rəhbər dəyişikliyi ilə bağlı may ayında qərar veriləcək:

"İctimai Televiziya və Radio Yayımları Şirkətinə baş direktor seçkisi "İctimai televiziya və radio yayımı haqqında" qanuna əsasən bu ilin may ayının sonunda keçiriləcək. Baş direktor yalnız seçki nəticəsində müəyyən olunacaq".

Xatırladaq ki, Balakişi Qasımov 2018-ci ildən İTV-yə rəhbərlik edir.

Qeyd edək ki, Balakişi Qasımovun İTV-nin baş direktoru vəzifəsindən getməsi ilə bağlı məlumatı ilk metbuat.az yayıb.