Kağız sənədlərə ehtiyac olmayacaq: Bütün dövlət xidmətləri vahid platformada CƏMLƏNƏCƏK

Kağız sənədlərə ehtiyac olmayacaq: Bütün dövlət xidmətləri vahid platformada CƏMLƏNƏCƏK Gündəm

Ötən gün Prezident İlham Əliyev "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə dövlət xidmətlərinin vahid platforma üzərindən təqdim olunmasının vacibliyini vurğulayıb. Dövlət başçısı bildirib ki, xidmətlər “mygov” sistemi üzərindən, yəni vahid mərkəzdən həyata keçirilməlidir və bunu həm dövlət qurumları, həm də vətəndaşlar bilməlidir. Prezidentin sözlərinə görə, bu yanaşma vətəndaşlar üçün böyük üstünlüklər yaradacaq və ehtiyac duyulan bütün xidmətlərin bir ünvandan təqdim edilməsinə imkan verəcək.

Xatırladaq ki, bəzi hallarda dövlət qurumlarında şəxsiyyət vəsiqəsinin və ya digər sənədlərin kağız daşıyıcıda, əyani şəkildə təqdim edilməsi tələb olunurdu. Lakin rəqəmsallaşma prosesinin genişlənməsi və xidmətlərin vahid platformada cəmlənməsi ilə bu praktikaya mərhələli şəkildə son qoyulması nəzərdə tutulur. Artıq vətəndaşların bir çox hallarda sənədləri fiziki formada təqdim etməsinə ehtiyac qalmayacaq.

Məsələ ilə bağlı News24.az-a danışan sosial şəbəkələr üzrə məzmun müdafiəsi mütəxəssisi Coşqun Əliyev bildirib ki, Prezidentin səsləndirdiyi “bütün dövlət xidmətləri mygov üzərindən həyata keçirilməlidir” mesajı əslində dövlət–vətəndaş münasibətlərində yeni mərhələnin başlanğıcı deməkdir:

"Bu yanaşma o deməkdir ki, istər vətəndaş, istərsə də hər hansı qurum bütün sorğu, müraciət və digər inzibati əməliyyatları onlayn formada vahid mərkəz üzərindən həyata keçirə biləcək. Yəni hər hansı bir vətəndaş və ya qurum bütün sorğularını, müraciətlərini və bu kateqoriyaya aid əməliyyatları vahid platforma üzərindən icra edə biləcək. Bu isə həm vaxt itkisinin qarşısını alır, həm də prosedurları sadələşdirir”.

Sosial şəbəkələr üzrə məzmun müdafiəsi mütəxəssisi Coşqun Əliyev

Coşqun Əliyev qeyd edib ki, sistemin əsas üstünlüklərindən biri operativlikdir. Onun sözlərinə görə, ənənəvi qaydada hər hansı quruma müraciət edərkən vətəndaş günlərlə cavab gözləməli olur, bəzi hallarda isə sənədi əyani şəkildə əldə etmək üçün şəxsən müraciət etməlidir:

“Ənənəvi müraciət mexanizmində vətəndaş bir neçə gün gözləməli olur, bəzən sənədi fiziki formada almaq üçün yenidən quruma getməlidir. Bu isə əlavə vaxt və resurs itkisi yaradır. Onlayn sorğularda isə proses daha sürətlidir. Sorğu göndərilir və bir çox hallarda qısa müddət ərzində, bəzən bir neçə dəqiqə içində cavabı əldə etmək mümkün olur. Təbii ki, bu müddət müraciətin növündən və aidiyyəti qurumdan asılı olaraq dəyişə bilər”.

Mütəxəssis hesab edir ki, vahid platforma şəffaflığın artmasına da müsbət təsir göstərə bilər. Çünki bütün müraciətlərin elektron sistem üzərindən izlənməsi həm nəzarət mexanizmlərini gücləndirir, həm də insan amilindən irəli gələn problemləri minimuma endirir.

Bununla yanaşı, Coşqun Əliyev rəqəmsallaşmanın müəyyən risk və çətinlikləri də ola biləcəyini vurğulayıb. Onun fikrincə, əsas məsələlərdən biri rəqəmsal bərabərsizlikdir:

“Rayon yerlərində, xüsusilə dağlıq ərazilərdə internetin zəif olması, eləcə də yaşlı əhalinin texnologiyadan istifadədə çətinlik çəkməsi müəyyən problemlər yarada bilər. Bəzi vətəndaşlar ya texnoloji bilik baxımından geri qalır, ya da ümumiyyətlə bu imkanlardan xəbərsiz olur. Bu baxımdan maarifləndirmə və infrastrukturun gücləndirilməsi vacibdir”.

Ekspert əlavə edib ki, vahid mərkəzləşdirilmiş sistemlərin digər həssas tərəfi kiber təhlükəsizlik məsələsidir:

“Vahid platforma böyük üstünlüklər yaratsa da, bu tip sistemlərdə təhlükəsizlik məsələsi xüsusi diqqət tələb edir. Rəqəmsal təhlükəsizlik, məlumatların qorunması və kibertəhlükəsizlik bütün dünyada aktual mövzudur. Bu səbəbdən də aidiyyəti dövlət qurumları və "mygov" portalının idarəedici strukturları təhlükəsizlik mexanizmlərini daim təkmilləşdirməlidir”.