Pulunuz bir anda yoxa çıxa bilər! - Bu xəbəri diqqətlə oxuyun
Gündəm
Kart oğurluqları artır: 9 ayda 5 milyonluq dələduzluq - Ekspertdən xəbərdarlıq Bank kartları vasitəsilə həyata keçirilən dələduzluq halları Azərbaycanda aktual problem olaraq qalır. Vətəndaşların kart məlumatlarının ələ keçirilməsi və hesablarından pul vəsaitlərinin oğurlanması ilə bağlı faktlar maliyyə təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir.
Azərbaycan Mərkəzi Bankının (AMB) 2026-cı ilin ilk 9 ayına dair statistikasına əsasən, bank kartları ilə bağlı dələduzluq əməliyyatlarının ümumi həcmi 5 milyon 51 min 326 təşkil edib.
Bəs bank kartı dələduzluğunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir və vətəndaşlar öz vəsaitlərini necə qoruya bilərlər?
Məsələ ilə bağlı News24.az-a danışan informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov bildirib ki, belə hallarının böyük əksəriyyəti texnoloji sistemlərdəki boşluqlardan deyil, insan faktorundan qaynaqlanır:
"Kiberdələduzlar vətəndaşların bank məlumatlarını birbaşa sistemlərə müdaxilə etməklə deyil, əsasən, insanların etibarından sui-istifadə edərək ələ keçirməyə çalışırlar. Bunun üçün ən çox saxta telefon zənglərindən, fişinq mesajlarından və sosial şəbəkələr vasitəsilə göndərilən zərərli keçidlərdən istifadə olunur. Dələduzlar özlərini bank əməkdaşı, dövlət qurumunun nümayəndəsi və ya müxtəlif xidmətlərin operatoru kimi təqdim edərək vətəndaşlardan kart məlumatlarını, SMS təsdiq kodlarını və digər məxfi informasiyaları əldə etməyə çalışırlar. Bəzi hallarda isə istifadəçilərə saxta internet səhifələrinin keçidləri göndərilir və həmin səhifələrdə kart məlumatlarını daxil etmələri tələb olunur".
Mütəxəssis qeyd edib ki, bu məlumatlar müxtəlif mənbələrdən əldə edilə bilər:
"Buraya onlayn platformalardan sızdırılan məlumat bazaları, qeydiyyat zamanı istifadəçilərin razılığı ilə paylaşılan şəxsi məlumatlar, eləcə də bəzi mobil tətbiqlər tərəfindən toplanan informasiyalar daxildir. Bununla yanaşı, dələduzlar bəzən telefon nömrələrini təsadüfi şəkildə seçərək kütləvi zənglər və mesajlar göndərirlər. Dələduzluq cəhdlərinin əsas hədəfi, adətən, bank müştəriləri olur. Lakin bu, onların konkret şəxsin hesabında nə qədər vəsait olduğunu əvvəlcədən bildikləri anlamına gəlmir. Dələduzların əksəriyyətinin vətəndaşların bank hesablarındakı pul qalığına dair dəqiq məlumatı olmur. Onlar daha çox statistik ehtimallara və insanların maliyyə aktivliyinin artdığı dövrlərə əsaslanırlar. Xüsusilə maaş və pensiyaların ödənildiyi günlərdə, bayram ərəfələrində və alış-verişin intensivləşdiyi vaxtlarda bu cür dələduzluq cəhdləri arta bilər".