"Qarabağ"ın oyununa görə onlara iki dəfə artıq maaş veriləcək - RƏSMİ

"Qarabağ"ın oyununa görə onlara iki dəfə artıq maaş veriləcək - RƏSMİ Gündəm

Fevralın 18-də UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək "Qarabağ" – "Newcastle United" qarşılaşması ilə əlaqədar Bakı Metropoliteni iş vaxtını 1 saat uzadacağını açıqlayıb.

Adətən “Qarabağ”ın ev oyunları zamanı azarkeş axınının rahat daşınmasını təmin etmək məqsədilə metro gecə saatlaradək fəaliyyətini davam etdirir. Bu qərar sərnişinlərin rahatlığı baxımından müsbət haldır. Lakin bu həm də metro işçilərinin gecə gec saatlara qədər çalışmaq məcburiyyətində qalması deməkdir.

Maraqlıdır, bəs iş saatının uzadılması metro əməkdaşlarının əməkhaqqına təsir edirmi? Həmin saatlara görə əlavə ödəniş edilir, yoxsa bu məsələ daxili iş qrafiki çərçivəsində tənzimlənir?

Məsələ ilə bağlı Bakı Metropoliteni QSC-dən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əlavə çalışma saatlara görə metropoliten əməkdaşlarına maaşının iki misli məbləğində vəsait ödənir:

""Qarabağ" FK komandasının UEFA Çempionlar Liqası çərçivəsində keçirilən ev oyunları ilə əlaqədar metronun iş qrafikinin uzadılması nəticəsində işçilərin iş vaxtından artıq çalışması Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq rəsmiləşdirilir. Əmək Məcəlləsinin tələblərinə əsasən, iş vaxtından artıq görülən işə görə əməkhaqqı saatlıq (günlük) tarif dərəcəsinin iki misli məbləğində ödənilir"