Qax RİH Elvin Paşayevlə bağlı yayılan görüntülərə aydınlıq gətirdi - Video
Gündəm
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə bağlı sosial şəbəkə platformalarında yayılan görüntülərə aydınlıq gətirilib.
Məsələ ilə bağlı Qax Rayon İcra Hakimiyyətindən News24.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə müzakirələrə səbəb olan görüntülər bir neçə gün əvvəl çəkilib və həmin vaxt icra başçısı rayon sakinləri ilə birlikdə Novruz bayramı münasibətilə təşkil edilən sərgidə iştirak edib.
Qurumdan qeyd olunub ki, Elvin Paşayev tədbir zamanı sakinlərlə görüşüb, onlarla səmimi söhbət aparıb və bayram münasibətilə təşkil olunan sərgiyə baxış keçirib.
“Görüntülər bir neçə gün əvvəl çəkilib. İcra başçısı sərgi zamanı sakinlərlə görüşüb, onlarla xoş söhbət edib. Burada müəmmalı heç nə yoxdur. Novruz bayramı ilə bağlı təşkil edilən tədbirdə iştirak edib, sakinlərlə ünsiyyət qurub. Uşaqlarla görüşərək onlarla səmimi söhbət edib”, – deyə bildirilib.
Qeyd edək ki, ötən gün icra başçısı Elvin Paşayevlə bağlı sosial şəbəkə platformalarında yayılan video istifadəçilər arasında maraq və təəccüb doğurub. Belə ki, görüntülərdə icra başçısının Novruz bayramı ilə əlaqədar təşkil edilən sərgidə iştirak etdiyi və sakinlərlə arasında qəribə bir “sədd” olduğu iddia edilib.