Tehranda yeni mərhələ: Müharibə strategiyası sərtləşəcək?
Gündəm
İranda ali dini lider postuna yeni şəxsin seçilməsi ölkənin həm daxili, həm də xarici siyasətində mühüm dəyişikliklərə səbəb ola biləcək hadisə kimi qiymətləndirilir. Xüsusilə regionda gərginliyin yüksək olduğu və müharibə risklərinin artdığı bir dövrdə bu dəyişiklik Tehranın hərbi strategiyası və siyasi kursunun hansı istiqamətdə formalaşacağı ilə bağlı sualları gündəmə gətirir.
Uzun illərdir bu posta əsas namizədlərdən biri kimi göstərilən Müctəba Xameneinin adı yeni lider kimi hallandırıldığından, onun hakimiyyətə gəlişinin İranın müharibə taktikasına, regional müttəfiqlərlə münasibətlərinə və Qərblə qarşıdurma siyasətinə hansı yeniliklər gətirəcəyi xüsusi maraq doğurur.
Məsələ ilə bağlı News24.az-a danışan politoloq Asif Nərimanlı bildirib ki, Müctəba Xameneinin ali dini lider seçilməsi İranın müharibə strategiyasını daha sərt mərhələyə daşıyacaq. Onun sözlərinə görə, bu ehtimalı düzgün qiymətləndirmək üçün əvvəlcə Müctəba Xameneinin İran siyasi sistemindəki mövqeyinə nəzər salmaq lazımdır:
"Müctəba Xamenei uzun illərdir İranda Əli Xameneidən sonra ali dini lider postuna əsas namizədlərdən biri kimi göstərilirdi. Bu ehtimalın formalaşmasında əsas amillərdən biri onun İranın ən güclü hərbi-siyasi strukturlarından sayılan SEPAH daxilində nüfuzunun olması idi. SEPAH İranda hər zaman güclü təsirə malik olub və xüsusilə müharibə şəraitində bu strukturun təsiri daha da artır. Müctəba Xameneinin SEPAH daxilində nüfuzunun olması onun liderlik perspektivini gücləndirən əsas faktorlardan biri idi. Digər tərəfdən, o həm də hazırkı dini lider Əli Xameneinin oğludur və uzun müddət potensial varislərdən biri kimi müzakirə olunurdu”.
Politoloqun sözlərinə görə, müharibədən əvvəl Müctəba Xameneinin dini lider seçilməsinə mane ola biləcək bir sıra faktorlar mövcud olub:
"Bunlardan biri İran siyasi sistemində varislik prinsipinə ehtiyatlı yanaşılması idi. Rejim daxilində bəzi dairələrdə dini lider postunun ailə daxilində ötürülməsi ideyasına qarşı müəyyən narazılıqlar mövcud idi. Bundan başqa, Müctəba Xameneinin uzun müddət açıq siyasi fəaliyyətlə məşğul olmaması, idarəçilik təcrübəsinin məhdud qiymətləndirilməsi və dini rütbəsinin bəzi digər ayətullalarla müqayisədə daha aşağı olması da onun qarşısında müəyyən maneələr yaradırdı".
A.Nərimanlı hesab edir ki, regionda baş verən müharibə və gərginlik bu balansı dəyişib:
“Müharibədən sonra situasiya tamamilə dəyişdi. Mövcud təhlükəsizlik şəraitində SEPAH-ın rolu daha da artdı və faktiki olaraq ölkə daxilində əsas təsir gücünə çevrildi. Bu isə Müctəba Xameneinin dini lider seçilməsi ehtimalını daha da gücləndirdi. Çünki onun SEPAH-la yaxın münasibətləri var və həmin strukturların dəstəyinə sahibdir”.