Xəzər dənizindən yayılan görüntülər şok etdi: Həyəcan təbili çalınır

Xəzər dənizindən yayılan görüntülər şok etdi: Həyəcan təbili çalınır Gündəm

Son günlər Xəzər dənizi sahillərində suitilərin, balıqların və digər canlıların kütləvi şəkildə tələf olması ilə bağlı görüntülər yayılıb və məlumatlar cəmiyyətdə ciddi narahatlıq doğurub. Sosial şəbəkələrdə paylaşılan videolar hadisənin miqyasının geniş olduğunu göstərir.

Məlumata görə, bu cür ekoloji hadisələr adətən qısa müddətli təsadüfi proseslərin deyil, daha dərin və sistemli problemlərin nəticəsi olur. İlkin ehtimallar arasında suyun çirklənməsi, oksigen çatışmazlığı, iqlim dəyişiklikləri və sənaye tullantılarının təsiri kimi amillər göstərilir. Qeyd olunur ki, məsələ ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır və laborator analizlərin nəticələri gözlənilir.

Məsələ ilə bağlı News24.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, Xəzər dənizi akvatoriyasında suitilərin və digər dəniz canlılarının ölüm hallarına zaman-zaman rast gəlinir və bu proses bir çox amillərlə bağlıdır.

"İlk növbədə təbii ölüm faktoru nəzərə alınmalıdır. Əgər suiti Xəzər dənizində yaşayırsa, onların müəyyən hissəsinin təbii səbəblərdən ölməsi müşahidə oluna bilər. Bu, ekosistem üçün qeyri-adi hal deyil. Lakin məsələ təkcə təbii ölümlə məhdudlaşmır. Dənizə daxil olan çirkləndirici maddələr də ciddi təsir göstərir. Xüsusilə Volqa çayı vasitəsilə dənizə böyük həcmdə çirkli sular axıdılır. Xəzər dənizinin son zamanlar səviyyəsinin aşağı düşməsi də əlavə risk yaradır. Yaşayış arealının daralması suitilərin və digər canlıların populyasiyasına ciddi təsir edir və onların sayının azalmasına səbəb olur".

Ekspert qeyd edib ki, çirkləndiricilərinin əsas mənbələrindən biri Volqa hövzəsində yerləşən şəhərlərin sənaye və məişət tullantıları, kanalizasiya axıntılarıdır:

"Eyni zamanda digər çaylar vasitəsilə də Xəzərə müxtəlif çirkləndirici maddələr daxil olur. Son illərdə xüsusilə Kür hövzəsində su-təmizləyici qurğuların istifadəyə verilməsi nəticəsində müəyyən müsbət dinamika müşahidə edilir və Kür çayı vasitəsilə daxil olan çirkli suların həcmi nisbətən azalıb. Lakin bu, problemin tam həll olunduğu anlamına gəlmir. Digər mühüm faktor isə iqlim dəyişiklikləridir. Suyun temperaturunun artması dənizdə həll olunmuş oksigenin miqdarını azaldır. Bu isə həm balıqların, həm də suitilərin yaşayışına mənfi təsir göstərir".