Yaxın Şərqdə kritik dönüş: Xameneinin ölümü regionu hara aparır?

Yaxın Şərqdə kritik dönüş: Xameneinin ölümü regionu hara aparır? Gündəm

Yaxın Şərqdə gərginlik yeni və son dərəcə təhlükəli mərhələyə qədəm qoyub. İran ətrafında baş verən son hadisələr – ali dini lider əli Xameneinin öldürülməsi, ölkədə mümkün hakimiyyət dəyişikliyi ehtimalları və regionda davam edən hərbi toqquşmalar beynəlxalq gündəmin əsas mövzusuna çevrilib.

Tehranda siyasi vəziyyətin taleyi, mövcud rejimin davamlılığı və proseslərin regionun təhlükəsizlik arxitekturasına təsiri ilə bağlı suallar artıb. Eyni zamanda, davam edən hərbi əməliyyatlar Yaxın Şərqdə onsuz da həssas olan qüvvələr balansını daha da mürəkkəbləşdirib.

Baş verənlər təkcə İranın daxili siyasi gələcəyi baxımından deyil, həm də region ölkələri və qlobal güclər üçün ciddi nəticələr vəd edir. Maraqlıdır, bundan sonrakı proseslər necə olacaq?

Məsələ ilə bağlı News24.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, ABŞ və İsrail uzun müddətdir, İrana qarşı hərbi müdaxilə ehtimalı ilə bağlı açıq mesajlar verirdilər və son proseslər həmin ssenarinin reallaşdığını göstərir:

"Həyata keçirilən hərbi əməliyyatlar nəticəsində İranın yüksək rütbəli dövlət rəsmilərinin həlak olması ölkənin idarəçilik sistemində müəyyən böhran riski yaradıb. Faktiki olaraq İranın idarəetmə mexanizmində sarsıntı yarana bilərdi. Ancaq yeni ali dini liderin təyin olunması ilə bu təhlükə müəyyən qədər arxa plana keçmiş oldu. Bununla belə, vəziyyət tam sabitləşmiş hesab edilə bilməz”.

politoloq Elçin Xalidbəyli

Politoloq qeyd edib ki, bundan sonrakı proseslərin əsas istiqaməti İranın nüvə proqramı ətrafında formalaşacaq. Onun fikrincə, əgər Tehran nüvə proqramını dayandırmaqdan və ya ləğv etməkdən imtina edərsə, hərbi əməliyyatların və siyasi-hərbi təzyiqlərin davam etməsi istisna deyil:

“Əgər İran yenə də nüvə proqramından geri çəkilməzsə, o zaman hərbi əməliyyatların genişlənməsi və hakimiyyətə qarşı təzyiqlərin artması mümkündür. Ancaq əksinə, anlaşma əldə olunarsa və İran nüvə proqramlarının ləğvinə razılıq verərsə, böyük ehtimalla hərbi əməliyyatlar dayandırıla bilər və beynəlxalq müşahidəçilərin nəzarəti altında nüvə obyektlərinin demontajı gündəmə gələ bilər”.

Xalidbəyli vurğulayıb ki, hazırda hadisələr qeyri-müəyyən xarakter daşıyır və proseslərin hansı istiqamətdə inkişaf edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir. Onun qənaətincə, təkcə ali dini liderin dəyişməsi İranın ümumi siyasi kursunun dəyişməsi anlamına gəlmir:

“İranda yalnız şəxsin dəyişməsi siyasətin dəyişməsi demək deyil. Əgər söhbət köklü dəyişiklikdən gedirsə, bu halda sistem dəyişikliyi baş verməlidir. Sistem dəyişmədiyi müddətdə İranın indiki siyasi kursundan geri çəkiləcəyi o qədər də inandırıcı görünmür. Yaxın dövrdə əsas sual İranın sistem transformasiyasına gedib-getməyəcəyi ilə bağlı olacaq. Ya sistem dəyişikliyi baş verəcək, ya da sadəcə hakimiyyət daxilində dəyişikliklər olacaq və eyni siyasi xətt davam etdiriləcək. Proseslərin taleyi məhz bundan asılıdır”.