Zəfərin şahidi: "Xalqımızın dəstəyi bizə güc verirdi"
Gündəm
Bu gün xalqımızın Zəfər tarixindən beş il ötür. İgid əsgərlərimiz torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edərək misilsiz qəhrəmanlıq göstərdilər və işğal altında olan torpaqlarımızı azad etdilər. O möhtəşəm qələbədən sonra işğaldan azad olunmuş bölgələrdə genişmiqyaslı bərpa və quruculuq işləri aparıldı, doğma yurdlarından didərgin düşmüş vətəndaşlarımızın geri qayıtması üçün zəruri şərait yaradıldı. Məhz bu əlamətdar gündə, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş igidlərimizdən biri, Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubovla həmsöhbət olduq. Qəhrəmanımız döyüş xatirələrini, keçirdiyi çətin, lakin qürurverici anları News24.az-a danışdı.
- Müharibənin başladığını eşidəndə hansı hissləri keçirdiniz?
- Bu anı heç vaxt unutmaram. Müharibə başladığını eşidəndə həm qürur hissi keçirdim, həm də məsuliyyət. Bilirdik ki, Vətən torpaqları uğrunda hər an savaşa hazır olmalıyıq və bu müqəddəs borcu yerinə yetirməyə hazır idik. Hər birimiz üçün əsas məqsəd torpaqlarımızı işğaldan azad etmək, haqqımız olanı geri qaytarmaq idi.
- Sizi döyüş meydanında ən çox motivasiya edən nə idi?
- Mən bunu tez-tez deyirəm, amma orada olmayanlar tam anlaya bilməz. Cəbhədə bizi ən çox motivasiya edən düşmənə qarşı qəzəbimiz idi. Hər dəfə şəhid verəndə qəzəbimiz daha da artırdı. Sağ qalan yoldaşlarımızla bir-birimizi ruhlandırır, təskinlik verirdik. Bu da bizə güc verirdi. Müharibə bitəndə gizir qardaşlarımızdan biri dedi: “Sizi bu vəziyyətdə görmək istəmirəm. Bilirəm, çox şey yaşamısınız, amma nə olursa olsun, çalışın güləsiniz”.
- Döyüşlər zamanı sizin üçün ən çətin yadda qalan an nə olub?
- Ən çətin anlardan biri dörd gün ac-susuz qaldığımız vaxtlar olub. Bir də silahın ağırlığı çox idi. Təkcə sursat 45 kq idi və üstümüzdə əlavə avadanlıq da olurdu. Bu ağırlıqla yüksəkliyə çıxmaq çox çətin idi. İlk dəfə yaralı görmək, ilk dəfə şəhid görmək, ilk dəfə düşmənlə üz-üzə gəlmək və ilk dəfə tətiyə əl uzatmaq - bunların hamısı ən çətin anlardan idi.
- Düşmənlə ilk dəfə üz-üzə gələndə hnası hissləri keçirdiniz?
- İlk dəfə düşmənlə üz-üzə gələndə aramızda 20 metr məsafə var idi. Lakin ona qədər xeyli sayda düşmən görmüşdüm. Horadizdən keçərkən iki tərəfimizdə minalanmış cığırla gedirdik və o zaman ilk dəfə düşmənin meyitini gördüm. Mən məcburi köçkün ailəsində doğulmuşam, qaçqınlığı, didərgin düşməyi uşaqlıqdan yaşamışam. Düşməni isə məktəb vaxtı filmlərdən, kitablardan oxuyub görmüşdüm. İnsanların üzünə baxanda hər şey məlum olur. Onlarla üz-üzə gələndə erməni olduqları aydın görünürdü. Üz quruluşları, həyatları və yaşayış tərzləri bunu açıq şəkildə göstərirdi.
- Müharibə dövründə mülki əhali sizə necə köməklik göstərirdi?
- Beyləqandan Füzuli istiqamətinə gedəndə orta yaşlı bir kişi özü təkbaşına sadə bir evdə yaşamağına baxmayaraq, bizim üçün səbətlərlə alma yığmışdı. Hətta biz maşından düşəndə sağ-solumuzu artilleriya vururdu və mənim çantam maşında qalmışdı. Qayıdıb çantamı götürmək istəyəndə alma əlimdən yerə düşdü. Təhlükəli olmasına baxmayaraq, onu götürdüm, çünki bu, bizi düşünən birinin verdiyi nemət idi. Belə xalqa yalnız qələbə yaraşırdı. Biz məğlub kimi qayıda bilməzdik. Eyni ilə xalqımızın qadınları sayəsində əgər beş yaralımız var idisə, artıq üç olmuşdu. Onlar çox əziyyət çəkirdilər, günlərlə yatmırdılar, yaralılara kömək edirdilər. Onların hamısının böyük rolu vardı.
- Müharibə vaxtı ailənizlə əlaqə saxlamısınız?
- Bəli, 44 gün ərzində ailəmlə bir dəfə danışığım yarımçıq qaldı. İkinci dəfə danışanda isə müharibədə olduğumu bilmirdilər, halbuki atışmadan yeni çıxmışdıq. O vaxt sanki Allah beş dəqiqəlik əlaqə saxlamaq üçün imkan yaratdı. Ordakılar mənə danışmaq istəyib-istəmədiyimi soruşdular. Atamla danışanda məni gözlədiklərini dedi və niyə gəlmədiyimi soruşdu. Mən isə hələ işimin tamam olmadığını, gələndə xəbər verəcəyimi bildirdim. Əsgər yoldaşım yaralanıb gedəndə atamın nömrəsini kağıza yazıb ona verdim ki, əlaqə saxlasın. O isə atamla qısa danışıb. Sadəcə əsgər yoldaşım olduğunu və mənim qabaqda döyüşdüyümü deyib. O vaxtdan atam narahat olmuşdu. Valideynlərim elə bilmişdilər ki, mən şəhid olmuşam ya da yaralanmışam, çünki yaşadığım mikrorayonda yanlışlıqla şəhid xəbərim yayılmışdı. Allaha şükürlər olsun ki ailəmin xəbəri olmamışdı. Çünki o xəbərdən sonra necə olacaqların gözümün önünə gətirə bilməzdim.
- Müharibədən sonra Qarabağa getmisiniz?
- Bəli, hərbçi yoldaşlarımla qələbəmizdən sonra getmişəm. O zaman hələ yollar düzəlməmişdi, evlər dağıdılmışdı. Dörd nəfərlə getmişdik, bütün xatirələrimiz canlanmışdı. Bizə demişdilər ki, müharibə zamanı piyada təxmini hesabla 1054 kilometr yol qət etmişik. Hazırda Qarabağda bərpa və quruculuq işləri gedir. Mən otuz il sonra Qubadlı rayonunda oldum, atamın evinə də getdim, evdə heç nə yox idi, sadəcə dağıntılar var idi. Atamın yatağı harada idisə, elə orada qalmışdı. Daha sonra evin üstündən ətrafa baxdım, bildiyimiz hər yeri xarabalığa çevirmişdilər. Adi mismara qədər hər şeyi aparmışdılar. İki-üç il sonra yenidən gedəndə bu dağıntıların bir çox hissəsini görmədim. Qısa müddət ərzində xalqın yaşaya bilməsi üçün yaşayış yerləri düzəldilmişdi və çox yaxşılaşdırılmışdı.
- Bəs sizin bir qazi kimi gənclərə, gələcək nəsillərə tövsiyəniz nələrdir?
- Gələcək nəsillərin ən azından bu müharibə və bu mübarizənin nəyə görə baş verdiyini bilmələrini istərdim. Tariximizi bilmələri mütləqdir. Məsələn, mən əvvəllər tarix oxumağı sevmirdim, lakin Qarabağa böyük marağım olub. Xüsusilə döyüşə aid filmləri və musiqiləri çox sevmişəm. Nə bilə bilərdim ki, təxris olunmağıma dörd gün qalmış müharibə başlayacaq.
- Müsahibəyə zaman ayırdığınız üçün təşəkkür edirik.
- Mən də sizə təşəkkür edirəm. Fürsətdən istifadə edərək əlavə etmək istəyirəm ki, bu il zəfərimizin beşinci ilidir. Şəhidlərimizə Allah rəhmət eləsin, ailələrinə və övladlarına, həmçinin veteranlarımıza Allah cansağlığı versin!