"50 manat azdır, 100 manat ver": Direktorun rüşvət tələbinə "yox" deyən müəllimlə bağlı qərar

"50 manat azdır, 100 manat ver": Direktorun rüşvət tələbinə "yox" deyən müəllimlə bağlı qərar Hadisə

Emin Quliyev adına 9 nömrəli İnteqrasiya Təlimli İnternat Tipli Ümumtəhsil Məktəbinin işdən çıxarılan müəllimi vəzifəsinə bərpa edilib.

News24.az xəbər verir ki, həmin məktəbin riyaziyyat müəllimi V.F. əsassız yerə işdən çıxarılması ilə bağlı məhkəməyə müraciət edib.

V.F. məhkəmədə bildirib ki, 2015-ci ildən indiki Emin Quliyev adına 9 nömrəli İnteqrasiya Təlimli İnternat Tipli Ümumtəhsil Məktəbində rus bölməsində riyaziyyat müəllimi işləyib. 2025-ci ilin tədris ili başlayan zaman direktor tərəfindən qərəzli olaraq məktəbə buraxılmayıb. İşlədiyi müddətdə heç bir intizam tənbehi almayıb və işinin öhdəsindən lazımınca gəlib. Rus bölməsi ixtisara düşsə də, digər müəllimlər Azərbaycan bölməsinə keçirilib, lakin bu hal ona şamil edilməyib.

Müəllim bunun əsas səbəbinin məktəbin işdən çıxarılan direktoru Afaqət Əsgərova ilə aralarında 8 Mart Qadınlar Günü ərəfəsində baş verən narazılığın olduğunu iddia edib: "Direktora bayramla əlaqədar könüllü olaraq 50 manat hədiyyə versəm də, o, məbləğin az olduğunu bildirərək, 100 manat istədi. Lakin həmin məbləği direktora vermədiyim üçün aramızda konfilikt yarandı. Bundan sonra direktor dərs saatlarını pulla satmağa və bir neçə bu cür qərəzli hərəkətlər etməyə başladı".

Məhkəmənin qərarı ilə iddiaçı əvvəlki işinə (məktəbin riyaziyyat müəllimi vəzifəsinə) bərpa edilib. Həmçinin ona 2025-ci ildən məcburi iş buraxma müddətinə görə əmək haqqının hesablanaraq ödənilməsi barədə göstəriş verilib.

Qeyd edək ki, Afaqət Əsgərova bir neçə ay əvvəl vəzifəsindən azad edilib. Bu ilin mart ayında onun yerinə Samirə Həsənova təyin olunub. (qaynarinfo.az)

Fotoda: Afaqət Əsgərova

"50 manat azdır, 100 manat ver": Direktorun rüşvət tələbinə "yox" deyən müəllimlə bağlı qərar