670 bal topladı, tələbə yoldaşını bıçaqladı
Hadisə
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Bakıda qrup yoldaşını bıçaqlamaqda təqsirləndirilən Fərid Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
News24.az xəbər verir ki, hadisə günü qeydə alınan video nümayiş etdirilib.
Dövlət ittihamçısı vəsatət verərək, təqsirləndirilən şəxs barədə təkrar kompleks psixoloji ekspertizanın keçirilməsini məhkəmədən istəyib. Dövlət ittihamçısı bu vəsatəti F.Əliyevin hadisəni törədərkən anlaqlı olub-olmamasının müəyyən olunması ilə bağlı əsaslandırıb.
Qısa müşavirədən sonra məhkəmə tərkibi vəsatətin təmin olunduğunu elan edib.
Növbəti proses 12 may saat 12:15-ə təyin edib.
Xatırladaq ki, hadisə 2025-ci ilin avqustunda Bakıda baş verib.
Hadisəyə Fərid Əliyevin anası və tələbə yoldaşının mesajlaşdığı ilə bağlı iddialar səbəb olub. O buna görə tələbə yoldaşı ilə mübahisə zamanı ona bıçaq zərbələri endirib.
İstintaq zamanı təqsirləndirilənin şübhələrinin təsdiqini tapmadığı bəlli olub.
Bildirilir ki, təqsirləndirilən Fərid Əliyev qəbul imtahanları zamanı 670 bal toplayaraq Xəzər Universitetinə qəbul olunub. Onun hadisəni törədən vaxt anlaqsız vəziyyətdə olduğu məlum olub. Buna görə də o, 1 saylı Ruhi-Əsəb Dispanserində məcburi müalicəyə cəlb olunub.
Fərid Əliyevə qarşı Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə ittiham olunub./Lent.az