Sumqayıtda abort olunan qadın bu səbəbdən dünyasını dəyişib -Açıqlama
Hadisə
Sumqayıtda 27 yaşlı qadının abortdan sonra öldüyü iddia edilir.
News24.az xəbər verir ki, hadisə Sumqayıt Şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verib.
Bildirilib ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədilə xəstəxanaya müraciət edib. Tibbi prosedurdan sonra qadının vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.(report.az)
13:49
12.12.2025-ci il tarixində saat 14:00 radələrində 1998-ci il təvəllüdlü şəxs (qasın) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının Ginekologiya şöbəsinə kəskin ishal, ürəkbulanma və qusma şikayətləri ilə müraciət edib.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.
Xəstə tibb müəssisəsinə daxil olarkən ümumi vəziyyəti ağır qiymətləndirilib, susuzlaşma (dehidratasiya) əlamətləri və hemodinamik qeyri-sabitlik müşahidə olunub. Dərhal infuzion və antibakterial müalicəyə başlanılıb.
Anamnezə əsasən, xəstəyə 08.12.2025-ci il tarixində 8–9 həftəlik əkiz hamiləlik səbəbilə tibbi abort tətbiq olunub, prosedur fəsadsız keçib.
Müşahidə prosesində xəstənin vəziyyətinin sürətlə ağırlaşdığı, tənəffüs çatışmazlığının inkişaf etdiyi və oksigen saturasiyasının azaldığı qeydə alınıb. Bununla əlaqədar 12.12.2025-ci il tarixində saat 19:30 radələrində xəstə intubasiya edilərək Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan laborator müayinələr, o cümlədən qan qazının analizi nəticəsində kəskin laktik asidoz aşkarlanıb, klinik və laborator göstəricilərə əsasən septik şok diaqnozu təyin olunub.
13.12.2025-ci il tarixində saat 10:30 radələrində xəstənin ümumi vəziyyətində kəskin ağırlaşma qeydə alınıb, saat 10:50 radələrində mövcud klinik protokollara uyğun aparılan intensiv reanimasiya tədbirlərə baxmayaraq, poliorqan çatışmazlığı fonunda bioloji ölüm faktı qeydə alınıb.
Meyit müvafiq qaydada təşrih üçün aidiyyəti qurumlara təhvil verilib.