Ailə qalmaqalı: Sərxoş kişi qayınatasıgilin həyətində dava saldı, həbs olundu

Ailə qalmaqalı: Sərxoş kişi qayınatasıgilin həyətində dava saldı, həbs olundu Hadisə

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda insident baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Maxta kəndində baş verib.

1997-ci il təvəllüdlü S.Səmədov (şərti) atasının evinə gedən həyat yoldaşını geri qaytarmaq üçün qayınatasıgilə gedib.

Gecə saatlarında sərxoş halda arvadını çağırmağa başlayıb. Bu zaman onun qaynı ilə qayınatası həyətə çıxaraq S.Səmədovu uzaqlaşdırmağa çalışıb. Amma o, həyəti tərk etməyib. Nəticədə qayınatası ilə qaynı onu döyərək həyətdən qovublar. Lakin S.Səmədov uzaqlaşmayıb və küçədə uca səslə söyüş söyməyə başlayıb. Səs-küyə kəndin onlarla sakini yığışıb.

Hadisə yerinə polis əməkdaşları gələndən sonra S.Səmədov polis şöbəsinə aparılıb.

Müvafiq qərarla ona 6 sutkalıq inzibati həbs cəzası verilib.

Yaşar Araz