Aktrisa Məsumə Babayevanın dəfn olunacağı yer açıqlandı — Yeniləndi
Hadisə
Aktrisa Məsumə Babayevanın dəfn mərasiminin vaxtı və məkanı açıqlanıb.
News24.az xəbər verir ki, mərhumun dəfn mərasimi yanvarın 25-də 12:00-da Suraxanı rayonu, Vahid Xəlilov küçəsi 23A ünvanında, Qış klubunun yaxınlığında keçiriləcək.
Qeyd edək ki, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
**
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Məsumə Babayeva uzun sürən xəstəlikdən sonra vəfat edib.
News24.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım ediblər.
Qeyd edək ki, Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə Bakı şəhərində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.
Aktrisa 15-ə yaxın bədii filmə çəkilib.
2014-cü ildə "Fəxri Mədəniyyət İşçisi" döş nişanı, 2016-cı ildə Azərbaycan Teatr Xadimləri İttifaqının "Sənətkar" medalı, 2018-ci ildə "Tərəqqi" medalı ilə təltif edilib.