AQTA İctimai Televiziya ilə bağlı yayılan iddialara aydınlıq gətirdi - RƏSMİ
Hadisə
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə bağlı İctimai Televiziyada səsləndirilən iddia ictimai müzakirələrə səbəb olub. İddialara görə, qurumun sədri Qoşqar Təhməzli AQTA əməkdaşlarının İctimai Televiziyanın “Sabaha saxlamayaq” verilişində iştirakını qadağan edib.
Bu məlumat İTV-də yayımlanan və içməli su mövzusuna həsr olunmuş “Sabaha saxlamayaq” proqramının son buraxılışında aparıcı tərəfindən səsləndirilib. Açıqlama qısa zamanda ictimai maraq doğurub, sosial şəbəkədə geniş müzakirələrə səbəb olub və ictimai qınaq obyektinə çevrilib. Sosial media istifadəçiləri iddia ilə bağlı müxtəlif mövqelər sərgiləyiblər.
Məsələnin nə dərəcədə həqiqətə uyğun olduğunu dəqiqləşdirmək məqsədilə News24.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə sorğu ünvanlayıb.
AQTA-dan News24.az-a verilən açıqlamada yayılan iddiaların həqiqəti əks etdirmədiyi bildirilib:
“Xeyr, bu məlumat doğru deyil. Biz mütəmadi olaraq İctimai Televiziya ilə əməkdaşlıq edirik. Bu istiqamətdə hər hansı qadağa mövcud deyil”.