Arvadını boğaraq öldürən şəxslə bağlı yekun qərar
Hadisə
Xəyanətə görə arvadını boğaraq öldürən Nurəddin Məmmədovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
News24.az xəbər verir ki,bu barədə onun vəkili Pərvin Məsimov məlumat verib.
Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə onun barəsində yekun qərar qəbul edilib.
Qərara əsasən, onun barəsində seçilmiş 10 il 6 ay azadlıqdan məhrum etmə cəzası qüvvədə saxlanılıb.
Xatırladaq ki, 2024-cü ilin noyabrında Bakı Ağır Cinayətlər Məhkəməsində Nurəddin Məmmədov barəsində 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarılıb.
Bakı Apellyasiya məhkəməsi də bu hökmü qüvvədə saxlayıb.
Qeyd edək ki, hadisə 2024-cü ilin mayında paytaxtın Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb.
İttiham aktında görə, Nurəddin Məmmədov 2024-cü ilin aprelin 28-də yaşadığı Ramana qəsəbəsi ərazisindəki evində olarkən arvadı Ayşə Məmmədovanın naməlum şəxslə "Whatsapp"la görüntülü danışdığını görüb.
O arvadının əvvəllər də bir neçə dəfə başqa şəxslərlə əlaqəsi olduğunu aşkar etdiyindən ona xəyanət etdiyini güman edərək hiddətlənib. Nurəddin telefonu arvadının əlindən alıb onun başına vuraraq sinəsindən itələyib, daha sonra mətbəx bıçağını götürüb. O, bıçağın dəstəyi ilə Ayşənin təpə nahiyyəsindən bir dəfə vuraraq onun sağlamlığına yüngül zərər vurub.
Nurəddin bu il mayın 5-də evə gəlib arvadı Ayşənin yataq otağında "Whatsapp"la İlqar adlı şəxslə aralarında intim münasibət olması barədə söhbət apardıqlarını və yazışmaları gördükdən sonra, Ayşənin ona xəyanət etməsindən əmin olub. Nurəddin arvadı ilə mübahisə edə-edə mətbəx otağına daxil olduqdan sonra qəflətən hər iki əli ilə boğazından tutub yerə yıxaraq boğaraq öldürüb.
Nurəddin Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələri ilə ittiham irəli sürülüb.(unikal)