"Azərbaycan Nəşriyyatı" hara köçürülür? - Yeniləndi

"Azərbaycan Nəşriyyatı" hara köçürülür? - Yeniləndi Hadisə

“Azərbaycan Nəşriyyatı” MMC təmirə bağlanır.

News24.az xəbər verir ki, MMC-dən Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun binanın 9 mərtəbəli korpusunda keçirdiyi vizual texniki baxış nəticəsində nəşriyyatın uzunmüddətli istismarı zamanı əsaslı təmir işlərinin aparılmaması ilə əlaqədar əsas yükdaşıyan konstruksiyalarda, su-kanalizasiya və elektrik xətlərində qüsur və zədələnmələr aşkar etdiyi bildirilib.

Əlavə olunub ki, binadakı liftlərin texniki vəziyyəti də qənaətbəxş deyil.

Həmçinin bildirilib ki, mövcud texniki vəziyyət binada əsaslı təmir işlərinin aparılmasını zəruri edir: “Bu işlərin həcminin çox böyük olması onların mərhələli şəkildə, eləcə də binanın istismarı davam etdirilməklə icrasını praktiki olaraq mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq fevralın 1-dən binanın istismarının dayandırılması haqda qərar verilib”.

Qeyd olunub ki, artıq binada köçürülmə prosesi başlayıb. (report.az)

****

"Azərbaycan Nəşriyyatının doqquzmərtəbəli əsas korpusu müvəqqəti olaraq təmirə bağlanır. Təmir işləri başa çatdıqdan sonra bina yenidən nəşriyyatın istifadəsinə veriləcək. Məsələ yalnız texniki təmirlə bağlıdır, Azərbaycan Nəşriyyatının fəaliyyətinin dayandırılması nəzərdə tutulmur".

News24.az xəbər verir, bu barədə “Azərbaycan Nəşriyyatı” MMC-dən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Nəşriyyatının fəaliyyətini harada davam etdirəcəyi ilə bağlı artıq qərar qəbul olunub. Belə ki, nəşriyyat inzibati binaya yaxın ərazidə yerləşən, sahəsi daha kiçik olan başqa bir binaya köçürülüb. Həmçinin yeni binaya hansı redaksiyaların köçürüləcəyi ilə bağlı müzakirələrin aparıldığı diqqətə çatdırılıb.

“Bu bina da bizim mülkiyyətimizdir. Təmir müddətində nəşriyyat fəaliyyətini orada davam etdirəcək. Təmirin nə qədər davam edəcəyi ilə bağlı isə hələlik dəqiq bir söz demək mümkün deyil”, – məlumatda qeyd olunub.

Qeyd olunub ki, Azərbaycan Nəşriyyatının binasında yerləşən digər nəşriyyatlara əvvəlcədən məlumat verilib: "Həmin nəşriyyatların harada yerləşdirilməsi isə artıq nəşriyyat rəhbərliyinin səlahiyyətinə aid deyil. Bacardığımız qədər köməklik göstərməyə çalışırıq". (apa.az)