Azərbaycanda meymunçiçəyi üzrə son vəziyyət açıqlandı

Azərbaycanda meymunçiçəyi üzrə son vəziyyət açıqlandı Hadisə

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına əsasən, 2026-cı il ərzində ölkə ərazisində meymunçiçəyi (mpox) virusuna yoluxma faktı qeydə alınmayıb. Hazırda respublikada infeksion xəstəliklər üzrə epidemioloji vəziyyət sabitdir və tam nəzarət altındadır.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, meymunçiçəyi xəstəliyinin ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə sərhəd-keçid məntəqələrində nəzarət tədbirləri davamlı şəkildə həyata keçirilir.

"Şübhəli halların vaxtında aşkarlanması üçün ölkəmizdə müvafiq laborator diaqnostika imkanları və klinik protokollar mövcuddur. Eyni zamanda tibb işçiləri üçün məlumatlandırma tədbirləri aparılır, əhali arasında isə profilaktik tövsiyələr paylaşılır. Vətəndaşlara şəxsi gigiyena qaydalarına riayət etmək, xüsusilə xarici səfərlər zamanı sağlamlıqla bağlı diqqətli olmaq tövsiyə olunur.

Ümumilikdə, hazırda Azərbaycan üçün meymunçiçəyi ilə bağlı real epidemioloji təhlükə mövcud deyil", - deyə qeyd edilib.