Azərbaycanda “pravasız” gəlin maşını aşırdı, qaynanası xəstəxanalıq oldu
Hadisə
Şəmkir rayonunda yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Şəmkir rayonu Düyərli kəndi ərazisindən keçən 419-cu kilometrliyində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Bərdə sakini Nərgiz Məmmədovanın idarə etdiyi “Toyota Prius” markalı avtomobil yoldan çıxaraq aşıb.
Nəticədə onun qayınanası müxtəlif dərəcəli xəsarətlər alıb. Alın nahiyəsinin sol yarısının əzilmiş yarası, sol gözaltı yumşaq toxumaların hematoması, sağ gözaltı nahiyənin qançırı, burun yəhərinin sıyrığı, sol almacıq və əng sümüklərinin yerini dəyişməyən sınıqları ilə müşaiyət edilən xəsarətlər alan qayınana Cəmilə Məmmədova xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı açılmış cinayət işinin istintaqı zamanı məlum olub ki, qəzanı törədən Nərgiz Məmmədovanın sürücülük vəsiqəsi yox imiş.
Belə ki, o, hadisə baş verən gün əri, qayınanası və azyaşlı qızı ilə Bərdədən Tovuzun Əyyublu kəndinə qonaqlığa gedib. Gedərkən maşını Nərgizin əri idarə edib. Lakin məclisdə o spirtli içki qəbul etdiyindən qayıdarkən sükan arxasına onun xanımı keçib.
Xanım sürücü təcrübəsiz olduğundan Şəmkirdə səhv yola daxil olub və səhvini anlayaraq qəfil əyləcə basıb. Bu zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.
Faktla bağlı açılmış iş üzrə keçirilən məhkəmədə qayınana gəlinindən şikayətçi olmadığını deyib.
Şəmkir rayon Məhkəməsinin hökmü ilə Nərgiz Məmmədovaya şərti cəza verilib.
Yaşar Araz