Azyaşlı övladlarının gözü qarşısında arvadını boğdu - Şok təfərrüat
Hadisə
Ötən il aprelin 4-də Bakıda azyaşlı uşaqların gözü qarşısında törədilən dəhşətli qətllə bağlı məhkəmə prosesi başa çatıb.
News24.az istintaq materiallarına istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Cavanşir küçəsindəki yataqxanada səhər saat 6 radələrində baş verib. 1989-cu il təvəllüdlü Ziyəddin Quliyev ailə münaqişəsi zəminində 1999-cu il təvəllüdlü həyat yoldaşı Aysel Qurbanovanı qəsdən öldürüb.
Ziyəddin Quliyev istintaqa verdiyi ifadəsində bildirib ki, 2023-cü ilin yanvarında işləmək üçün Rusiyanın Samara şəhərinə gedib. 2024-cü ildə Aysel Qurbanova telefonla danışarkən uşaqlar üçün ikimərtəbəli çarpayı aldığını deyəndə Ziyəddin buna əsəbiləşib və aralarında mübahisə düşüb.
2025-ci ilin mart ayında Bakıya qayıtdıqdan sonra Ziyəddin Ayselin uşaqlarla pis rəftar etdiyini, qızının anasından qorxduğunu düşündüyünü iddia edib. Onun dediyinə görə, arvadına dəfələrlə irad bildirsə də, Aysel buna əhəmiyyət verməyib.
Ziyəddin oşanmaq və uşaqları anasından almaq istəsə də, boşanma zamanı övladların avtomatik olaraq anada qalacağını bildiyindən bu fikrindən daşınıb və nəticədə arvadını qətlə yetirməyi qərara alıb.
İstintaq materiallarından məlum olur ki, Ziyəddin Quliyev mətbəxdən götürdüyü elektrik naqilini yuxuda olan arvadının boğazına keçirərək boğmağa başlayıb. Hücum zamanı müqavimət göstərən Aysel Qurbanova ayaqları ilə pəncərənin şüşəsini sındırıb. Səs-küyə otaqdakı 9 yaşlı qızı və 5 yaşlı oğlu oyanıb. Ziyəddin Quliyev uşaqlara analarının xəstələndiyini və titrədiyini bildirərək dəhşətli cinayəti onların gözü qarşısında davam etdirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, qadın boynun sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiyadan dünyasını dəyişib.
Cinayəti törөtdikdən sonra Ziyəddin Quliyev mərhumun telefonu ilə 102 xidmətinə zəng edərək məlumat verib və polis gələnədək uşaqlarla birlikdə evdə qalıb, hətta pəncərənin şüşə qırıqlarını yığışdırıb. O, saxlanılarkən sərxoş və ya narkotik vasitənin təsiri altında olmayıb.
Məhkəmə iclasında Ziyəddin Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadə verməkdən imtina edib. O, savadsız olduğu üçün istintaq zamanı sənədlərin mahiyyətini anlamadan imzaladığını bildirib, övladlarına görə məhkəmədən yüngül cəza xahiş edib.
Zərərçəkmiş şəxsin hüquqi varisi Elşən Qurbanov isə təqsirləndirilən şəxsin ifadələrinin həqiqətə uyğun olmadığını, onun əvvəllər casusluq edən şəxslərlə əlaqədə olduğunu və "Meşə qardaşları" təriqətinə qoşulduğunu bildirərək ondan şikayətçi olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ziyəddin Quliyev Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürmə və köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə maddələri ilə təqsirli bilinib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum edilib.