Azyaşlılara qarşı əxlaqsız hərəkət karate məşqçisi saxlanıldı - Rusiyada

Azyaşlılara qarşı əxlaqsız hərəkət karate məşqçisi saxlanıldı - Rusiyada Hadisə

Rusiyada azyaşlılara qarşı əxlaqsız hərəkətlərdə şübhəli bilinən Karate Federasiyasının prezidenti Vyaçeslav Yefimov polisdən qaçaraq Moskva vilayətindəki monastırda gizlənib.

News24.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

Hadisə aprel ayında baş verib. Belə ki, 64 yaşlı məşqçinin yeddi yaşlı şagirdi anasına danışıb ki, məşqlərdə müəllimi ondan alt paltarını çıxarmağı tələb edib və özü də soyunub.

Eləcə də məşqçinin uşağa davranışı barədə heç kimə danışmamasını istədiyi bildirilir.

Uşağın anası hüquq-mühafizə orqanlarına müraciət edib. Polis karate məşqçisini təxminən yeddi ay axtarıb.

Nəhayət, hüquq-mühafizə orqanları Yefimovu Sergiyev Posad şəhərindəki monastırın yaxınlığında tapıblar.

İlkin məlumata görə, o, bütün bu müddət ərzində həmin ərazidə gizlənib.

Məşqçi barəsində uşağa qarşı seksual xarakterli zorakılıq hərəkətləri maddəsi ilə cinayət işi açılıb.

Bildirilir ki, daha bir neçə valideyn də məşqçinin uşaqlarına qarşı arzuolunmaz hərəkətlər etdiyini açıqlayıb.

Qeyd edək ki, Yefimov “Spartak” idman cəmiyyətinin rəhbəri olub və “SİN” karate məktəbinə rəhbərlik edib.

O, uzun illər uşaqlarla məşğul olub.