Bakıda kişi dayanacaqda yatdı - Maaşını oğurladılar
Hadisə
Bakıda oğurluq hadisəsi baş verib.
News24.az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayon Polis İdarəsinə müraciət edən S.İsrafilov metronun 20 Yanvar stansiyasının yaxınlığında 680 manat pulunun oğurlandığını bildirib.
O, qeyd edib ki, dayanacaqda avtobus gözlədiyi zaman yuxuya gedib. Onun oturacaqda yatdığını görən naməlum şəxs cibindəki pulları götürərək qaçıb.
S.İsrafilov ifadəsində deyib ki, hadisə baş verən gün maaş alıbmış:
“Həmin gün əmək haqqımı almışdım. Bankomatdan 800 manat pulu çıxarıb cibimə qoydum. Sonra kafedə yeyib-içdim və pulun 120 manatını orda xərclədim. Qalan 680 manatı isə şalvarımın sol yan cibinə qoydum. Daha sonra avtobus dayanacağına gəldim. Özümü narahat hiss etdiyim üçün dayanacaqdakı oturacağa uzanıb yuxuya getmişəm. O məqamda yanımda tanımadığım şəxslərin söhbət etdiyini eşitdim. Xatırlayırdım ki, onlardan biri boz, digəri qara köynək və qara papaq geyinmişdi. Halsız olduğum üçün onlara reaksiya vermədim. Sonradan isə üzlərini yadıma sala bilmədim. Yuxudan oyananda səhər saat 6 idi. Ayıldım və avtobus dayanacağında olduğumu başa düşdüm. Şalvarımın sol yan cibinə baxdım, gördüm 680 manat pulum yoxdur, oğurlayıblar”.
Həyata keçirilən tədbirlərlə oğurluq əməlini Ağdam rayon Maqsudlu kəndində qeydiyyatda olan 1984-cü il təvəllüdlü İ. Tahirovun törətdiyi məlum olub. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə iş açılıb.
Nəsimi rayon Məhkəməsi İ.Tahirovu Cinayət Məcəlləsinin 177.2.5- ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilərək onu 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
Yaşar Araz