Bakıda kişi hamilə arvadının üzünü tanınmaz hala saldı, bətnindəki döl tələf oldu

Bakıda kişi hamilə arvadının üzünü tanınmaz hala saldı, bətnindəki döl tələf oldu Hadisə

Bakı şəhəri Xətai rayonu Mingəçevir küçəsində yerlənən evdə həyat yoldaşına və atasına ağır xəsarətlər yetirən 1983-cü il təvəllüdlü Elgün Abbasovun məhkəməsi başa çatıb.

News24.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində E.Abbasova hökm oxunub.

Müəyyən edilib ki, hadisə bu ilin yanvar ayında Abbasovlar ailəsinin kirayə yaşadığı mənzildə baş verib. Gecə saat 01 radələrində Elgün Abbasov qısqanclıq zəminində arvadı Xəyaləyə (şərti adlı) hücum edib. O, qadının üz və əl nahiyələrinə silinməz, ağır xəsarətlər yetirilib. Həmçinin atası Şakir Abbasova da hücum edərək xəsarətlər yetirib.

Barəsində cinayət işi açılan 42 yaşlı Elgün ifadəsində bildirib ki, arvadını atasına qısqanıb və onların arasında münasibət olmasından şübhələnib. Buna görə cinayəti törədib.

E.Abbasovun ailə üzvləri isə onun narkotik maddə istifadə etdiyini və dediklərinin uydurma olduğunu deyiblər.

Zərərçəkmiş şəxslərdən Xəyalə Abbasova ifadəsində qeyd edib ki, əvvəllər ailəli olub və 2 uşağı var, lakin həmin uşaqlar Elgüngillə birgə yaşamır. O, ərinin üzünə ülgüclə yetirdiyi çoxsaylı xəsarətlərə görə sifətinin tanınmaz hala düşdüyünü, dəfələrlə estetik əməliyyat etdirdiyini, lakin çapıqların getmədiyini deyib:

“Mənim Elgünlə münasibətlərim normal idi, əvvəllər aramız müxtəlif səbəblərdən mübahisələr yaransa da, Elgün mənə hazırkı formada zorakılıq və şiddət göstərmirdi. Elgün əsasən valideynlərinə qarşı zorakılıq göstərib, onları söyərək döyüb, hətta valideynlərini evdən də dəfələrlə qovub. Hadisədən sonra Elgünün üzümə yetirdiyi xəsarətlərin nəticələrini aradan qaldırmaq üçün çoxsaylı estetik cərrah həkimlərinə müraciət etmişəm. Lakin heç bir həkim-mütəxəssis üzümdəki yaraların (izlərin) estetik-cərrahi müdaxilə ilə əvvəlki halına qayıdacağını bildirmir.

Elgün hadisə vaxtı narkotik vasitənin təsiri altında olub. Onun mənə xəsarət yetirməsinin səbəbini hazırda da bilmirəm. Elgünün anası oğlunun narkotik vasitə aludəçiliyinin olması barədə bildirdikdə ona mənəvi dəstək olub Elgünün narkomaniyadan müalicə olunmasını təklif etmişdim, lakin Elgün müalicə təklifi ilə razı olmamışdı. Elgünü zərərli vərdişlərinə baxmayaraq, çox sevdiyimdən ayrılmaq istəmirdim.

Elgün əksər hallarda gecə vaxtı çölə çıxırdı, hara getdiyini soruşduqda isə marketə getdiyini və ya dostları ilə görüşdüyünü bildirirdi, hətta bəzən evə içkili gəlirdi. Elgünün guya atası ilə mənim aramda hər-hansı qeyri-etik münasibətlərin olmasına dair ifadəsində göstərdiyi iddiaları qətiyyən doğru deyil və həqiqəti əks etdirmir.

Bildiyimə görə Elgün əvvəllər də Rusiyada bir qızı bıçaqladığına və narkotik vasitələrdən istifadə etməsinə görə məhkum olunub. Hadisə baş verən vaxt Elgündən hamilə idim, bunu Elgün və evdə olan digər şəxslər də bilirdi. Hadisədən iki gün sonra evdə hamiləliyim pozulmaqla bətnimdəki döl düşdü”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.11.2025-ci il tarixli hökmü ilə Elgün Abbasov Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək 4 il müddətə azadlıqdan məhrum edilib.

Yaşar Araz