Bakıda şagird müəllimi güllələdi, saxlanılan var - YENİLƏNDİ 1
Hadisə
Bakı şəhəri Ziya Bünyadov 3 (Keçmiş Karl Marks heykəli ilə üzbəüz) ünvanında yerləşən İdrak Liseyində silahlı insident baş verib.
News24.az xəbər verir ki, liseyin müəllimi 10-cu sinif şagirdi tərəfindən güllələnib. Güllələnən şəxs liseyin riyaziyyat müəllimi olub. Xəsarət yetirilən müəllim xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğunu bildirilir.
Valideynlər hazırda öz övladlarını liseydən götürürlər.(Unikal)
10:27
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş insident törədib.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətindən məlumat verilib.
O, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib.
Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
Fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən məktəblərdən birində şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şagird prokurorluq tərəfində tutulub.
"Hazırda prokurorluq əməkdaşları hadisə yerinin baxışının keçirir, eləcə də hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətləri icra edir. Xəsarət alan şəxsə vaxtında ilkin tibbi yardım göstərilməsi təmin edilib və xəstəxanaya yerləşdirilərək müvafiq tibb müəssisəsi tərəfindən müalicəsi aparılır", - deyə məlumatda qeyd edilib.
Fevralın 6-sı saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu İdrak liseyindən çağırış qeydə alınıb.
Bu barədə News24.az -a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb.
Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.