Bakıda piyadalar qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜLƏR

Bakıda piyadalar qəzaya səbəb oldu - ANBAAN GÖRÜNTÜLƏR Hadisə

Ötən gün axşam saatlarında Səbail rayonu, Dənizkənarı küçəsi, Dövlət Bayrağı Meydanı istiqamətində baş verən qəza bir daha göstərdi ki, yol hərəkəti təhlükəsizliyinin təmin olunması yalnız sürücülərin deyil, piyadaların da üzərinə ciddi məsuliyyət qoyur.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

“Kamera görüntüsünü təhlil etdikdə bəlli olur ki, üç piyada təxminən 200-220 metr yaxınlıqda yeraltı piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən istifadə edir və motosiklet sürücüsü isə onları vurmamaq üçün dayanmaq istədikdə idarəetməni itirərək yıxılır”, - deyə məlumatda qeyd edilib.

Qəza nəticəsində motosiklet sürücüsü xəsarət alıb. Hadisə zamanı piyadalar xəsarət alan sürücüyə kömək göstərmək əvəzinə hadisə yerini tərk ediblər. Əraziyə yaxın xidmətdə olan polis əməkdaşları dərhal hadisə yerinə gələrək sürücüyə ilkin yardım göstərib, daha sonra o, təcili tibbi yardım avtomobili ilə tibb müəssisəsinə çatdırılıb.