Bərdədə avtomobil kanala AŞDI - Sürücü xəsarət aldı - Video - Yeniləndi
Hadisə
Bərdədə “VAZ-2106” markalı minik maşını su kanalına aşıb.
News24.az-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Bala Ərəblər kəndi ərazisində qeydə alınıb.
Hadisəyə səbəb sürücü Elgün Mustafayevin 02 BZ 106 dövlət nömrəli avtomobillə hərəkətdə olarkən idarəetməni itirməsi olub. Onun qəza zamanı ayağının sındığı bildirilir.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Avtomobilin kanaldan çıxarılması prosesi davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.
Yaşar Araz
16:33
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bərdə rayonu, Bala Ərəblər kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən News24.az-a bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Bərdə rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ-2106" minik avtomobilinin idarəetməni itirərək dərinliyi 5 metr olan dərəyə aşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Mustafazadə Elgün İntiqam oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
***
Bərdədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2000-ci il təvəllüdlü şəxs (kişi cinsli) 03.10.2025-ci il tarixində saat 15:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-a Bərdə Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Sağ bud sümüyünün burmaaltı çoxqəlpəli yerdəyişmiş sınığı, sağ göz altının əzilmiş cırılmış yarası diaqnozları təyin edilən şəxsin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.