Daha bir xəstəxanada dava — - Mühafizəçi xəsarət aldı

Daha bir xəstəxanada dava — - Mühafizəçi xəsarət aldı Hadisə

Cəlilabad rayon Mərkəzi Xəstəxananın təcili tibbi yardım bölməsinin palatasında dava olub.

News24.az Demokrat.az-a istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Anar Cəlilabad rayon Mərkəzi Xəstəxanada mühafizəçi işləyən Elmirə xəsarət yetirib. 

Hadisə bu ilin yanvarın 25-də, saat 16 radələrində Cəlilabad rayon Mərkəzi Xəstəxananın təcili tibbi yardım bölməsinin palatasında baş verib.

Anar əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib, təcili tibbi yardım bölməsinin həkimi ilə mübahisə edərkən orada xidmət aparan mülki mühafizəçi Elmir onun mübahisəsini görüb və yaxınlaşaraq ictimai qaydanın pozulmasının qarşısını almağa çalışıb. 

Bu zaman Anar Elmirə zor tətbiq edib və əlində olan mətbəx bıçağı ilə onu vurub. 

Anarın əlindən olan bıçaq Elmirin əynində olan gödəkçəsinin sol qarşı hissəsini zədələyərək şəxslər üzərində zor tətbiq olunması, silah qismində istifadə edilən əşya tətbiq edilməsi, özgənin əmlakının zədələnməsi ilə və ictimai qaydanın pozulmasının qarşısını alan digər şəxsə müqavimət göstərməklə müşayiət edilən qərəzli xuliqanlıq cinayətini törədib.

Hadisəni törədən Anarın barəsində Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Anar ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. 

O bildirib ki, Cəlilabad şəhərində ailə üzvləri ilə birlikdə yaşayır, psixi xəstəliyi ilə əlaqədar 3-cü dərəcəli əlildir: 

“Əvvəllər məhkum olunmuşam və sonuncu dəfə 2021-ci ildə cəzaçəkmə yerindən gəlmişəm. Anam şəkər xəstəsi olduğu üçün səhhətində yaranmış problemlə əlaqədar 25 yanvar 2024-cü ildə, saat 9 radələrində onu Cəlilabad rayon Mərkəzi Xəstəxanasına apardım. 

Xəstəxanada anama ilk tibbi yardım göstərilərək ciddi problem olmadığını və anamı aparıb ev şəraitində müalicə olunmasını dedilər. Ona görə də anam Gülnazı saat 10 radələrində qaytarıb evimizə gətirdim. Anamı gətirəndən bir neçə dəqiqə sonra yenə onun halı pisləşdi. Ona görə də saat 10:30-da yenidən anam Gülnazı xəstəxanaya apararaq stasionar müalicə olunmasını istədim. Yenə də anama tibbi yardım göstərilərək saat təxminən 16 radələrinə qədər biz xəstəxanada olsaq da, anamı stasionar müalicəyə qəbul etmədilər”. 

Anar qeyd edib ki, daha sonra həkimlərdən baş həkimin gəlməsini tələb edib, baş həkimlə görüşmək istədiyini deyib: 

“Həkimlər də baş həkim mənimlə görüşməyə gələ bilməyəcəyini dedi. Sonra həkimlərə anamın səhhəti ilə əlaqədar özünü yaxşı hiss etmədiyini, həmin vaxt cibimdə olan iki ədəd bıçağı çıxardaraq əlimdə tutdum, özümə xəsarət yetirəcəyimi dedim. Adını bilmədiyim həkim mənə nə bilirsə etməsini və kimə neyliyəcəyini dedi. Həmin vaxt xəstəxananın mühafizəçisi, adını sonradan bildiyim Elmir da yanımda olub. 

Mühafizəçi məni sakitləşdirmək istədi. Lakin mən yenə də baş həkimi çağırmalarını dedim. Lakin baş həkimi çağırmadılar. Sonra anamın halı biraz da pisləşdiyini gördüm. Uca səslə baş həkimi çağırmalarını, gələrək xəstəyə baxmasını dedim. Uca səslə danışarkən mühafizəçi mənə baş həkim gəlməyəcəyini dedi. Mən yenə də təkrarən baş həkimi çağırmalarını dedim. Mənim bu sözümdən sonra mühafizəçi üstümə gələrək baş həkim ora gəlməyəcəyini dedi. Elmirin üstümə gəldiyini gördüm və əllərim ilə onun sinəsindən kənara itələdim. 

Həmin vaxtı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları ora gəldi. Polis əməkdaşları əlimdə olan bıçaqları gördü və bıçaqları məndən istədilər. Mən əlimdə olan bıçaqları polis əməkdaşlarına verdim. Bundan sonra polis əməkdaşları məni polis şöbəsinə gətirdilər”. 

İş üzrə zərərçəkmiş Elmirin sözlərinə görə, mülki mühafizəçi işləyir, 2 ildir Cəlilabad rayon Mərkəzi Xəstəxanasında mühafizəçi kimi xidmətə çıxır: 

“25 yanvar 2024-cü ildə xəstəxanada xidmətdə olmuşam. Saat 16 radələrində xəstəxananın 1-ci mərtəbəsində təcili tibbi yardım bölməsi tərəfdə dəhlizdə olarkən təcili tibbi yardım bölməsinin həkimi məni çağırdı. Cəlilabad şəhər sakini Anar adlı şəxsin anasını tibbi yardım göstərilməsi üçün gətirdiyini, anasına tibbi yardım göstərdiyini və səhhətində ciddi problem olmadığını, lakin Anar palatada söyüş söyərək səs-küy salaraq anasını xəstəxanaya stasionar müalicəyə qəbul edilməsi üçün baş həkimi çağırmalarını tələb etdiyini və mənə Anarı sakitləşdirməyimi dedi. Ona görə də təcili tibbi yardım bölməsinin palatasına daxil oldum. Həmin vaxt təcili tibbi yardım bölməsinin digər əməkdaşları da orada olmaqla Anarın ucadan qışqıraraq səs-küy salaraq baş həkimi çağırmalarını tələb etməsini gördülər. 

Mən yaxınlaşıb Anarı nizam-intizama dəvət etdim, xəstələri narahat etməməsini dedim. Lakin Anar qanuni tələblərimə əməl etməyərək hərəkətlərini davam etdirdi.  Yenə də Anarı nizam-intizama dəvət etdim. Buna baxmayaraq Anar hərəkətlərini davam etdirərək əynində olan jaketinin hər iki qolundan bıçaq çıxardaraq bıçaqın birini bir əlində, digərini isə bir əlində tutaraq sağ əlində olan bıçaqla mənim boğaz nahiyəmdən vurmaq istəyərkən sol qolunu qarşıya verdim. Anarı özümdən kənarlaşdırdığından bıçaq mənə dəymədi. Anar sonra əlində olan digər bıçaqla qarın nahiyəmdən vurmaq istəyrkən geri çəkildiyim üçün bıçaqın tiyəsi əynimdə olan gödəkçəsinə dəyərək gödəkçəmin qarşı tərəfini zədələdi. 

Sonra imkan taparaq palatadan dəhlizə çıxdım və əvvəlcə mühafizəçi İdris Mahmudova zəng etdim, Anarın hərəkətləri barədə məlumat verdim. Bundan sonra isə həmin ərazidə xidmət aparan polis nəfərinə zəng edərək hadisə barədə ona da məlumat verdim Bundan təxminən 6-7 dəqiqə sonra polis əməkdaşı ilə ora gəldilər. Bıçaqları Anarın əlindən alaraq onu polis şöbəsinə apardı”. 

Bu cinayət işinə Cəlilabad Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Anar 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.