“Güllələtmə dövrü bitib, indi tutdururlar” – Aqşin Yeniseydən AYB-yə CAVAB
Hadisə
Azərbaycan Yazıçılar Birliyi (AYB) bir qrup şair və yazıçı barəsində hüquq-mühafizə orqanlarına müraciət etməyə hazırlaşır. Buna səbəb həmin şəxslərin təşkilatın fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidi fikirlərdir. Müraciət ediləcək şəxslər arasında tanınmış yazıçı Aqşin Yeniseyin də adı çəkilir. Məlumata görə, Aqşin Yenisey tez-tez AYB haqqında tənqidedici fikirlər səsləndirirmiş.
Məsələyə münasibət bildirən yazıçı Aqşin Yenisey News24.az-a açıqlamasında bildirib ki, bu xəbərə həm təəccüblənib, həm də təəccüblənməyib:
“Təəccübləndim ki, Elza Seyidcahan o quruma üzv seçiləndən sonra mən orada baş verən hadisələr haqqında heç vaxt yazmamışam, danışmamışam. Yəni Elza xanım hamıdan əvvəl mənim ağzımı “tikdi”. Nə orada gedən ev davalarına qoşulmuşam, nə də təqaüdə görə rədd cavabı alıb, oradakılardan kiminsə haqqında tənqid yazmışam. Mənim adımı “Aqşin Yenisey də daxil olmaqla” ifadəsi ilə başlayan o repressiya illərinin cümləsinə kim salıb, niyə salıb? Kimdən gəlib bu qaralama, ləkələmə əmri?!
Təəccüblənmədim ona görə ki, Yazıçılar Birliyinin “tarixini” bilirəm. O tarix ki, hamınız bilirsiniz. Bizdən olmayanları tutdurmaq, sürgün etdirmək, güllələtdirmək”.
O bildirib ki, indi sürgün etmək və güllələtdirmək dəbdən düşüb deyə məcbur tutdurmaqla kifayətlənirlər:
"Anlamırlar ki, vaxtilə kimi tutdurublarsa, sürgün etdiriblərsə, güllələtdiriblərsə, Azərbaycan ədəbiyyatı onu bağrına basıb. Son otuz beş ildə Yazıçılar Birliyi adımı birinci dəfə bir siyahıya saldı, o da tutdurmaq üçün”.