Goranboyda beşmərtəbəli binada döşəmə çökdü: 4 nəfər xəsarət aldı, 60 ailə evakuasiya edildi- YENİLƏNDİ

Goranboyda beşmərtəbəli binada döşəmə çökdü: 4 nəfər xəsarət aldı, 60 ailə evakuasiya edildi- YENİLƏNDİ Hadisə

Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli altı bloklu yaşayış binasında 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçması ilə əlaqədar 60 ailə evakuasiya edilib.

Bu barədə Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib.

Qeyd edilib ki, hadisə yerinə müvafiq qurumlar, təcili yardım briqadası cəlb edilib: “Binalarda yaşayan ailələri adiyyatı yerlərə köçürmüşük, zəruri yardımlar göstərilib. Fövqəladə Hallar Nazirliyinin rəyinə uyğun olaraq daha sonra bina ilə əlaqədar işlər aparılacaq”.//APA

***

Bu gün saat 06:20 radələrində yaşayış binasının uçması səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Hazırda müalicələri Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.

***

Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb.

News24.az xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.Sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsinin anidən çökdüyü bildirilir.

Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov bildirib ki, mənzilin döşəməsinin çökməsi nəticəsində 2 nəfər yüngül xəsarət alıb.

Onun sözlərinə görə, hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. O, bina sakinlərinin təxliyə edildiyini də deyib.

Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.