Şirvandakı zəhərlənmə ilə bağlı araşdırma başladıldı - Yeniləndi
Hadisə
Şirvanda kütləvi zəhərlənmə olub.
News24.az xəbər verir ki, şəhər ərazisində yerləşən restoranda qidalanan 6 nəfər zəhərlənmə diaqnozu ilə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (Report)
Aprelin 7-də saat 16:00 radələrində zəhərlənmə şübhəsi ilə 5 nəfər (qadın) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az -ın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, onlara dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu təyin olunub.
"Pasiyentlərə dərhal ilkin tibbi yardım göstərilib. Hazırda onların müalicəsi Təcili tibbi yardım şöbəsində həkim nəzarəti altında davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd edilib.
Aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.
Bu barədə News24.az -ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.
Şirvan şəhərində 6 nəfərin zəhərlənməsi barədə Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə daxil olan bildiriş əsasında araşdırmalara başlanıb.
Bu barədə News24.az -ın sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, ilk araşdırmalarla hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.
Araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək.