Keçmiş arvadını döyərək qulaq pərdəsini cırdı

Keçmiş arvadını döyərək qulaq pərdəsini cırdı Hadisə

Xırdalan şəhərində kişi keçmiş arvadını döyərək xəsarətlər yetirib.

News24.az xəbər verir ki, şəhər sakini olan 1865-ci il təvəllüdlü Fuad Mustafayev barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə iş başlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, F.Mustafayev 2011-ci ildə evləndiyi Ş. Babayevadan 2016-cı ildə boşanıb. Lakin ev birgə nikah dövründə alındığı üçün məhkəmə qadının da həmin evdə yaşamaq hüququ olduğuna qərar verib. Onlar həmin evdə yad adamlar kimi yaşamağa davam ediblər.

2026-cı il yanvarın 29-da saat 22 radələrində isə Fuad Şəhlanın cadugərliklə məşğul olduğunu, ona cadu etdiyini deyərək dava salıb. O, keçmiş arvadına 3 sillə vurub. Zərbənin təsirindən qadının qulaq pərdəsi cırılıb və huşunu itirib.

Abşeron Rayon Məhkəməsi təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilib. Ona 8 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və üzərinə elektron qolbaq yerləşdirilib.

Yaşar Araz