Keçmiş arvadının qətlini sifariş verməkdə ittiham olunan Rəfi Orucov həbs edildi
Hadisə
Keçmiş həyat yoldaşının sifarişli qətlini hazırlamaqda ittiham olunan Qardabani Bələdiyyə Məclisi sədrinin sabiq müavini və siyasətçi Rəfi Orucov barəsində həbs qətimkan tədbiri seçilib.
News24.az xəbər verir ki, bu Tbilisi Şəhər Məhkəməsi qərar qəbul edib.
Məhkəmə iclasında təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb.
Prokurorluq onun həbs edilməsini, müdafiə tərəfi isə 50 min lari girov müqabilində azadlığa buraxılmasını istəyib. Hakim isə Orucov barəsində həbs qətimkan tədbiri seçib.
Qeyd edək ki, Rəfi Orucova Cinayət Məcəlləsinin 18-109-cu maddəsi ilə ittiham irəli sürülüb. Həmin maddə ailə üzvünün sifarişlə qəsdən öldürülməsinə hazırlığı nəzərdə tutur və 20 ilədək, yaxud ömürlük azadlıqdan məhrumetmə cəzasını müəyyən edir.
İttiham tərəfinin məlumatına görə, Rəfi Orucov boşandıqdan sonra qısqanclıq zəminində yaranan münaqişə səbəbindən keçmiş həyat yoldaşının sifarişli qətlini təşkil etmək qərarına gəlib.
O, tanışına müraciət edərək 25 min ABŞ dolları müqabilində muzdlu qatil tapmağı tapşırıb.
İttihama əsasən, Orucov qətlin onların üç azyaşlı övladının anasının yanında olmadığı vaxt törədilməsini istəyib.