Keçmiş qayınının üstünə benzin tökərək yandıran şəxsə AĞIR CƏZA
Hadisə
Bakıda bacısının keçmiş ərini yandıraraq öldürməkdə təqsirləndirilən Məhərrəm Hüseynzadənin barəsindəki cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
News24.az, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevin sədrliyi ilə keçirilən yekun iclasda hökm oxunub, müttəhim 16 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror M.Hüseynzadənin 18 il azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Qeyd edək ki, hadisə 2025-ci ilin mayın 29-da Bakının Nizami rayonunda baş verib.
Gecə saat 01 radələrində M.Hüseynzadə ailə üzvləri ilə birlikdə yaşadıqları Nizami rayonu, Fərzəliyev küçəsi 2 ünvanında olan zaman bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş halda ora gələrək, səs-küy yaradıb. Bina sakinlərini narahat etməməsi üçün Məhərrəm onu oradan uzaqlaşdırmaq məqsədi ilə BMW markalı avtomobilinə əyləşdirib. Yolda aralarında yaranmış mübahisə zamanı Zəhmət Əhmədovun söyüşlərindən hiddətlənərək maşını yanacaq doldurma məntəqəsinə sürüb. Plastik qaba yanacaq dolduran Məhərrəm Hüseynzadə onu Zəhmət Əhmədovun üzərinə töküb və od vurub.
Zərərçəkən bir gündən sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində ölüb.
M.Hüseynzadə həbs olunub, ona qarşı CM-nin 120.2.4. (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.(oxuaz)