Lənkəranda eyni ərazidə iki qəza baş verdi: ölən və yaralananlar var
Hadisə
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanlar var.
News24.az xəbər verir ki, hadisə saat 21 radələrində köhnə Ələt-Astara magistralının 213-cü km-də Lənkəran rayonunun Bürcəli kəndi ərazisində qeydə alınıb.
Səpnəkəran kənd sakini 37 Sadir Həmzəyev idarə etdiyi "Renault Megane" markalı 99-SV-477 dövlət qeydiyyat nişanlı avtomobillə Lənkəran şəhəri istiqamətində hərəkətdə olarkən və ötmə əməliyyatını yerinə yetirərkən idarəetməni itirib. Bu zaman avtomobil magistraldan çıxaraq yol kənarındakı irigövdəli ağaca çırpılıb.
Qəza nəticəsində sürücü və avtomobildə sərnişin qismində olan nəqliyyat vasitəsinin sahibi 41 yaşlı Nail Ağayev ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Göstərilən səylərə baxmayaraq, Nail Ağayevin həyatını xilas etmək mümkün olmayıb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Sadir Həmzəyevin isə müalicəsi xəstəxanada davam etdirilir.
Onu da qeyd edək ki, sözügedən magistralda, qəza baş verən ərazidə daha bir yol qəzası olub. Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı, 44-CD-603 dövlət qeydiyyat nişanlı avtomobil hadisə yerində yolu əks istiqamətə keçmək istəyən piyada Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 41 yaşlı Sərraf Ağayevi vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.