Lənkəranda stomatoloq bıçaqlandı - — TƏFƏRRÜAT
Hadisə
Lənkəranda 2003-cü il təvəllüdlü Nihad Malızadə həmyerlisi, 1985-ci il təvəllüdlü Calal Azadovu öldürməyə cəhd edib.
News24.az bildirir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Nihad 8 iyun 2023-cü ildə, saat 20 radələrində atası ilə birlikdə yaşadığı evdə olarkən atası Nicatın ofisiant kimi işə başladığı “Narva” adlı kafenin inzibatçısı ilə mobil telefonda danışarkən, sonuncunun atasını müştəridən əlavə pul almaqda ittiham edib. O, nalayiq ifadələrlə təhqir etməsinə aydınlıq gətirmək üçün həmin gün, saat 22 radələrində atası ilə birlikdə Lənkəran şəhəri Sahil küçəsində fəaliyyət göstərən “Narva” adlı kafeyə gedib.
Orada kafeni işlədən Mirsalehlə kafenin sahibi Cavidin yanında söhbət edib, mobil telefonda dediklərinə görə onlardan üzr istəməsindən sonra mübahisənin sülh yolu ilə həll etdiyini zənn edib və kafedən getmək istəyib. Bu vaxt Cavidin qardaşı Calal idarə etdiyi avtomobildə yaxınlaşaraq, Nihaddan israrla avtomobilə əyləşməsini tələb etdiyinə görə avtomobilin arxa sərnişin oturacağında oturub.
Daha sonra Calal avtomobillə hərəkətə davam edərək oradan uzaqlaşıb. Yaxınlıqdakı “Dəniz” oteli istiqamətində hərəkətdə olarkən, ona atası Nicatın kafedə müştərilərdən artıq pul istədiyini kinayəli şəkildə bildirib. Onun və atasının ünvanına təhqiramiz ifadələr işlətməsinə əsəbiləşib.
Şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Calalın onun və atası barədə dediyi sözlərə görə, qisas almaq məqsədi ilə qəsdən öldürmək qərarına gəlib.
Bu məqsədlə Lənkəran şəhəri, Sahil küçəsində hərəkətdə olan “Volkswagen” markalı avtomobilin salonunda əynindəki şalvarın arxa cibində gəzdirdiyi bıçaqla qəsdən Calala zərbələr vurub. Calala vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən Nihadın barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Nihad ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, subaydır, əvvəllər fəhlə işləyib, son vaxtlar işləməyib və tutulan vaxtadək ata-anası ilə birlikdə Lənkəran şəhəri, M.Əsədov küçəsi, ev 43-də qeydiyyatda olmaqla yaşayıb: “Calalı tanıyıram, uzaq qohumum olsa da, onunla ünsiyyətim olmayıb. Calalın qardaşı Cavidin Lənkəran şəhərində dəmiryolu vağzalının yaxınlığında, dənizkənarında “Narva” adlı kafesi var”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyunun 5-də atası Nicat Cavidin kafesində çayçı kimi işə düzəlib və bir müddət orada işləyib: “İyunun 8-də atam Nicat səhər işə getdi. Axşam saatlarında əvvəlki günlərdən tez evə qayıtdı. Atamdan nə üçün işdən evə tez gəldiyini soruşdum. Atam da kafedə inzibatçı işləyən Mirsalehin deməsinə görə o, kafedə oturan dostları olan şəxslərdən verdiyi çaya görə 5 manat əvəzinə, guya 6 manat pul alıb və 1 manatı Mirsalehdən gizlədərək özünə götürüb. Buna görə də Mirsaleh onu işdən çıxardığını dedi. Həmin günü saat 20 radələrində atam Nicat mobil telefonla Mirsalehlə danışdı. Atamın Misalehə “mən sənin dostlarından verdiyim çaya görə artıq 1 manat pul almamışam, əgər inanmırsansa, həmin uşaqları gətir mənimlə üzləşdir” dediyini, həm də Mirsalehə “sən uşaqsan, mənimlə qışqıra-qışqıra danışma” deməsini eşitdim. Telefonu atamın əlindən alıb danışmaq istəyərkən Mirsaleh atama "sənin ağzını cıraram" dediyini eşitdim. Mən də Mirsalehə atamı təhqir etdiyi üçün “ə küçük sən kimsən ki, mənim atamın ağzını cırmaq istəyirsən” dedim. Bu vaxt Cavid Mirsalehin danışdığı telefonla mənə mübahisə etməməyimi dedi, əlaqəni kəsdi. Təxminən beş dəqiqədən sonra Cavid atama da zəng edərək Mirsalehlə olan mübahisə barədə danışdılar. Mirsaleh atamı telefonda təhqir etməsi mənə pis təsir etdiyindən, saat 21 radələrində dostuma zəng edərək Cavidin mobil telefon nömrəsini istədim. Həm də dostuma Mirsalehin atamı təhqir etdiyini və onunla görüşüb söhbət edəcəyimi dedim. Dostum Cavidi və Mirsalehi tanıdığı üçün özünün də bizimlə birlikdə gələcəyini bildirdi”.
Nihad qeyd edib ki, iyunun 8-də, saat 22 radələrində atası Nicat və dostu ilə birlikdə tanımadığı taksi ilə Cavidin işlətdiyi “Narva” adlı kafenin qarşısına gedib, orada Mirsaleh və Cavidlə görüşüblər: “Sonra biz kafedən bir az aralı çəkilib sol tərəfinə keçərək söhbət etdik. Orada Mirsalehə nə üçün atamı təhqir etdiyini soruşdum. O da “atan Nicat çaya görə mənim dostlarımdan artıq 1 manat pul alıb” dedi. Mən də Mirsalehlə atamın həmin şəxslərlə üzləşdirməsini bildirdim. Mirsaleh atamın guya bir neçə gün hər çaydan bir manat artıq aldığını, bunu ondan gizlətdiyini dedim. Dostum bizi sakitləşdirərək məni və atamı maşına mindirib, onları oradan uzaqlaşdırmaq istədi. Cavid atamdan üzr istəyəcəyini, problem yaranmayacağını, Mirsalehi özü tənbeh edəcəyini bildirdi. Sonra Cavid məni və atamı öz avtomobilinə mindirib şəhər istiqamətində avtomobilini sürməyə başladı. Yolda mən və atam “Miri” kimi çağırdığımız tanışımızı da götürmək qərarına gəldik, geri qayıtdıq. Orada Cavidin və dostumun təkidlərindən sonra Mirsaleh atama dediyi sözlərə görə üzr istədi. Mənimlə Mirsalehlə sözlə mübahisə zamanı aramızda hər hansı təhqiredici, nalayiq ifadələr işlətməmişəm və dava-dalaş olmayıb. Atamın ləyaqətinin alçaldılmasına dözə bilmədiyim üçün ora söhbət etməyə getmişəm. Atam həmişə əziyyət çəkərək pul qazandığı üçün ondan yaşca kiçik olan şəxsi oğru adlandıraraq, atamı işdən qovması, atamın işləyərək əziyyət çəkməsinə biganə yanaşması, üstəlik telefonda haqsız ola-ola atama nalayiq ifadə işlətməsi mənə çox pis təsir edib. Ona görə Mirsalehə atama dediyi sözlərə görə üzr istəməsini bildirdim. Sonra dostum və Cavid bu mübahisənin qurtarması üçün Mirsalehin üzr istəməsini dedilər. Mirsaleh də dediyi sözlərə görə atamdan üzr istədi. Bundan sonra sakitləşdim. Sonra mən və atam Nicat onlardan ayrılaraq evə getmək istəyərkən “Volkswagen” markalı bir maşını yolun kənarında dayandı. Maşının sürücüsü, tanımadığım bir şəxs avtomobilin şüşəsini aşağı endirərək “kepkalı qaqaş gəl otur maşına söhbətimizi davam edək” dedi. Həmin vaxt atam Nicat və Caviddən öyrəndim ki, avtomobilin sürücüsü, yəni mənimlə danışan oğlan Cavidin qardaşı Calaldır. Həm atam, həm də Cavid Calala artıq söz-söhbətin lazım olmadığını bildirsələr də, məsələnin mehribançılıqla qurtardığını desələr də, Calal onların sözlərinə əhəmiyyət vermədi. Mənə yenə də “sənə deyirəm otur maşına” dedi. Mən də Calalın idarə etdiyi həmin maşının arxa salonunun sağ tərəfində əyləşdim. Avtomobilin qabaq oturacağında sonradan adının Farid olduğu bildiyim oğlan oturmuşdu”.
Nihad deyib ki, daha sonra Calal avtomobilini asfalt yolla "Dalğa" kafesi istiqamətində idarə etməyə başlayıb: “Mənə sənin atan Nicat "ləlöndür, 1 manat artıb pul alıb, atanı da götür rədd ol burdan” dedi. Mən da “ağzını təmiz aç, mənim atam artıq 1 manat pul almayıb, ləlön də deyil” dedim. Bundan sonra Calal maşını geri döndərib Cavidin çayxanası istiqamətində idarə etməyə başladı. Həm də Calal atam Nicatın ünvanına nalayiq küçə söyüşləri söyərək, yenə də “atanı götür, rədd ol get” dedi. Ardınca atamın ünvanına nalayiq söyüşlü ifadələr işlətdi. Calalın atamın ünvanına nalayiq ifadələr işlətməsi mənə pis təsir etdiyi üçün şalvarının arxa cibində saxladığı bıçağı çıxarıb Calalı dediyi sözlərə görə cəzalandırmaq məqsədi ilə onun bədəninin müxtəlif nahiyələrinə xatırlamadığım sayda bıçaqla zərbələr vurdum. Sonra Calal maşının idarəetməsini itirdi və maşın sol tərəfə gedib nəyəsə dəyərək dayandı. Avtomobil idarəetməni itirərkən mən də müvazinətimi itirərək bıçaqla Calalın baş, üz nahiyələrinə zərbələr vurmuşam. Sonra Calal mənə müqavimət göstərib avtomobilin arxa salonuna keçdi. Üstümə atılıb əllərimi tutmağa çalışdı. Həmin vaxt Calalın fiziki cəhətdən zəifləmədiyini və üzərimə hücum edərək məni vura biləcəyindən qorxub, yenidən bıçaqla Calalın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmağa başladım. Həmin vaxt maşının qabaq sağ oturacağında oturmuş Farid adlı oğlan bizi ayırmaq istədi. Bu zaman maşının arxa sol qapısı açıldı. Calal və mən maşından yerə yıxıldıq. Üzü üstə yerə dəydik, bıçaq da əlimdən yerə düşdü. Mən artıq Calalın xəsarət aldığını bildiyim üçün yerdə hərəkət etmədim. Calalı bıçaqla vurmadım. Həmçinin yerdə Calal üzərimdə oturaraq əllərimi tutduğundan, həm də fiziki cəhətdən güclü olduğundan mən bıçaqla Calalı vura bilməmişəm. Sonra bıçaq əlimdən yerə düşdüş. Sonra həmin yerə gəlmiş atam Nicat, Cavid və Mirsaleh bizə yaxınlaşdı. Bizi bir-birimizdən ayırdılar. Həmin vaxt özümün və Calalın paltarları qana bulaşmış vəziyyətdə olub. Sonra Calalı Cavid və Mirsaleh maşına mindirib xəstəxanaya apardılar. Həmin vaxt mən yerdən bıçağı götürdüm və cibinə qoyub atam ilə birlikdə dənizkənarına getdik. Paltarım üzərində olan qanı təmizlədikdən sonra yaşadığım evə getdim. Evdə paltarlarımı soyunub zibilliyə tulladım. Bir az sonar polis əməkdaşları yaşadığım evə gəlib məni tutdular”.
İş üzrə zərərçəkmiş Calalın sözlərinə görə, ali təhsilli həkimdir və Lənkəran rayonun Balıqçılar kənd tibb məntəqəsində həkim stomatoloq vəzifəsində işləyir: “Təqsirləndirilən Nihadı tanımamışam və onunla hər hansı münasibətim olmayıb. İyunun 8-də, axşam saatlarında dostum Faridlə birlikdə olarkən qardaşım Cavidə zəng etdim. Lakin telefonuna cavab verilmədiyindən Faridlə birlikdə özümə məxsus avtomobillə qardaşım Cavidin işlətdiyi “Narva” adlı kafesinə getdik. Kafeyə çatmağa az qalmış yolun kənarında Nihadın Mirsalehlə sözlə mübahisə etdiyini, qardaşım Cavidin, Nihadın atası Nicatın da orada olduqlarını gördüm. Nihadın Mirsalehlə söhbətindən belə başa düşdüm ki, Nicat kafedə artıq-əskik söhbətlər edib, müştəriləri narazı salıb. Nicat və Cavid isə öz aralarında söhbət etdilər. Orada aramızda səs-küy və dava-dalaş olmadı. Nihadın Mirsalehlə sözlə mübahisə etdiyini görüb onu sakitləşdirmək məqsədilə maşına oturmağa çağırdım. Nihad da gəlib avtomobilin arxa oturacağına əyləşdi. Avtomobilin qabaq oturacağında Farid əyləşmişdi. Özüm isə avtomobilli “Dəniz hotel” istiqamətində sürməyə başladım. Nihada atasının işdən çıxarılma səbəbini özümün bildiyimi, nə səbəbə atasının artıq pul götürdüyünü və mübahisəni yığışdırmağını dedim. Nihad atasının heç bir günahının olmadığını, Mirsaleh aranı vurduğunu bildirdirəndə, əsəbiləşərək “atavıda götür get burdan” dedim. Atasının ünvanına söyüşlü nalayiq ifadə işlətdim. Nihad mənə heç bir söz demədi. Sonra avtomobili saxlayıb geri döndüm, “Narva” kafesinə tərəf qayıtmaq istəyərkən arxadan bədən nahiyəmə bıçaq zərbələri dəydiyini və üzərimdən qan axdığını hiss etdim. Həm də Nihadın arxadan məni bıçaqla vurduğunu bildim”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Nihad 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilməsini, cəzasının yüngülləşdirilməsini istəyib.
Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. Sonda qərar elan edilib. Qərara görə, Nihad tərəfindən verilən şikayət təmin olunmayıb.