Maduronun rəqsi Trampı özündən çıxardı - Detallar açıqlandı
Hadisə
Venesuela Prezidenti Nikolas Maduronun vaxtaşırı rəqs edərkən yayılan görüntüləri Vaşinqtonda istehza kimi qəbul edilib və bu, hərbi əməliyyatın gündəmə gətirilməsi üçün “son damla” sayılıb.
News24.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Tramp administrasiyasında qapalı qapılar arxasında aparılan müzakirələrdən məlumatlı olan iki mənbəyə istinadən yazıb.
Mənbələrin bildirdiyinə görə, Maduronun son həftələrdə tez-tez ictimaiyyət qarşısında rəqs etməsi və digər laqeyd davranışları Tramp komandasının bəzi üzvlərində Venesuela liderinin onları açıq şəkildə məsxərəyə qoyduğu təəssüratını yaradıb.
Qeyd olunur ki, məhz bu davranışlar Ağ Evi yalnız ritorika ilə kifayətlənməməyə və daha qəti addımlar atmağa hazır olduğunu nümayiş etdirməyə sövq edən amillərdən biri olub.
Administrasiya hesab edib ki, Karakasın vəziyyəti görməzdən gəlməsi Vaşinqtonun təhdidlərini zəiflədir və ABŞ-ni beynəlxalq arenada gücsüz göstərir. Bildirilib ki, Venesuela ilə bağlı məsləhətləşmələr Milli Təhlükəsizlik Şurası və Pentaqonun yüksəkvəzifəli nümayəndələrinin iştirakı ilə qapalı formatda aparılıb.