Məktəbdə güclü yanğın - Müəllim və şagirdlər təxliyə olundu - Yeniləndi
Hadisə
Masallıda məktəbdə yanğın olub.
News24.az xəbər verir ki, Masallı rayonunun Xırmandalı kəndində yerləşən orta məktəbdə yanğın baş verib.
Otaqların birində baş verən yanğın qısa müddətdə yayılmağa başlayıb. Şagird və müəllimlər məktəbdən təxliyə olunub. Hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində alovun yayılmasının qarşısı alınıb.
Məlumata görə, yanğın direktorun otağından başlayıb. Yanğına səbəb isə elektrik xəttlərində baş verən qısaqapanma olub.
Qeyd edək ki, məktəbdə otaqlar elektrik vasitələrindən istifadə olunaraq qızdırılır.
Əlavə məlumat veriləcək.
Yaşar Araz
****
Fevralın 4-də Masallı rayonunun Xırmandalı kəndində ümumi sahəsi 2200 m² (hər mərtəbəsi 1100 m²) olan ikimərtəbəli məktəb binasının 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
****
"Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Lənkəran-Astara regional təhsil idarəsindən məlumat verilib.
Bildirilib ki, əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və pedaqoji kollektiv təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər:
"Onların səhhətində heç bir problem yaranmayıb. İlkin ehtimallara görə yanğına səbəb elektrik xətlərində yaranmış qısaqapanma olub. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır".