Mingəçevirdəki məsciddə insident – 2 nəfər cəzalandırıldı
Hadisə
Mingəçevir şəhərində yerləşən məsciddə dini ayin zamanı imam müavinini söyərək təhqir edən 2 nəfər məsuliyyətə cəlb edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, imam müavini P.Osmanov (şərti ad) polisə şikayətində 2 nəfərin məsciddə səs-küy salaraq təhqiramiz ifadələr işlətməklə onun işdən çıxarılmasını tələb etdiyini deyib. Aparılan araşdırma zamanı ictimai asayişin pozulmasına səbəb olan şəxslərin Kəlbəcərdən məcburi köçkün – 1-ci qrup gözdən əlil Nicat Məhərrəmov və 1952-ci il təvəllüdlü 2-ci qrup əlil Qurban Həşimov (şərti ad) olması müəyyənləşdirilib.
İmam müavini izahatında bildirib ki, Nicat adlı şəxs ona qarşı qanunsuz tələblər irəli sürüb:
“Mingəçevir məscidində imam müavini vəzifəsində işləyirəm. Hadisə vaxtı dini ayinləri icra edən zaman Nicat adlı şəxs mənə qarşı bütün insanların içərisində ucadan nalayiq söyüşlər söyərək işimi görməyə maneçilik törətdi. Həmin şəxs işimi düzgün görməməkdə məni ittiham edərək qeyri-qanuni yollarla işdən çıxmağımı tələb edirdi. Buna görə də son çarə olaraq Mingəçevir şəhər Polis Şöbəsinə müraciət etdim. Bununla belə hazırda Nicatdan şikayətçi deyiləm. Odur ki, Nicatın birinci dərəcə gözdən əlilliyi olan şəxs olduğundan, vəziyyətini nəzərə alaraq qərar qəbul edilməsini xahiş edirəm”.
Mingəçevir şəhər Məhkəməsinin qərarı ilə saxlanılan şəxslər 50 manat cərimə edilərək sərbəst buraxılıblar.
Yaşar Araz