Nərimanovda ev yandı: Xəsarət alanlar var - Video - Yeniləndi
Hadisə
Paytaxtın Nərimanov rayonu, 2-ci Şimal küçəsində fərdi yaşayış evində yanğın baş verib.
News24.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus ümumi sahəsi 900kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına, o cümlədən bitişik tikilən evlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində fərdi yaşayış evinin ikinci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 320kv.m. sahədə yanıb.
Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
09:24
"Noyabrın 25-i saat 04:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nərimanov rayonu ərazisində yerləşən yaşayış evində yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış qeydə alınıb".
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfərə bədənin müxtəlif nahiyələrinin yanığı diaqnozu ilə zəruri tibbi xidmət göstərilib və Yanıq Mərkəzinə hospitalizasiya olunub".