Sabiq icra başçısının oğlu tanışını güllələdi

Sabiq icra başçısının oğlu tanışını güllələdi Hadisə

Bu gün Yevlaxda silahlı insident olub.

News24.az xəbər verir ki, hadisə rayonun Qoyunbinəsi kəndində yerləşən otlaq sahədə baş verib.

Belə ki, 1980-ci il təvəllüdlü kənd sakini Qoşqar Novruzova məxsus heyvanların nəzarətsiz şəkildə 1987-ci il təvəllüdlü Zaur Səmədova məxsus otlaq sahəsinə keçməsi mübahisəyə səbəb olub. Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə Qoşqar Novruzovun ayaq nahiyyəsinə xəsarət yetirib.

Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, ona sağ budun aşağı üçdə birinin odlu silahla yaralanması diaqnozu təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

Hadisəni törədən Zaur Səmədov isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xatırladaq ki, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur. Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunmuşdu. O, 2023-cü ilin iyul ayında səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb və həmin il dekabr ayında vəfat edib.