Sabirabadda bir ailənin 4 üzvü qidadan ZƏHƏRLƏNDİ – Ölən var - Yeniləndi
Hadisə
Sabirabadda 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb.
News24.az xəbər verir ki, ötən gecə qida zəhərlənməsi şübhəsi ilə Sabirabad rayonunun Saraxanbəyli kənd sakinləri - bir ailənin 4 üzvü Şirvan xəstəxanasına zəhərlənmə diaqnozu ilə müraciət edib.
Mədələri yuyulandan sonra evə buraxılan ailə üzvlərindən 2015-ci il təvəllüdlü Cəfərov Hüseyn Cavanşir oğlunun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırılıb. Xəstəxanadan bildirilib ki, bu gün saat 15 radələrində yenidən xəstəxanaya çatdırılan azyaşlının artıq həkiməqədər ölümü qeydə alınıb.
İlkin məlumata görə, ailənin zəhərlənməsinə səbəb konservləşdirilmiş tərəvəz məhsulu ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.(Apa)
16:05
Fevralın 12-si saat 01:20 radələrində zəhərlənmə şübhəsilə 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Şirvan Şəhər Mərkəzi Xəstəxanasından məlumat verilib.
Onlara dəqiqləşdirilməmiş virus mənşəli bağırsaq infeksiyası diaqnozu təyin edilib.
Pasiyentlərin huşu aydın və həyat göstəriciləri normal olaraq qiymətləndirilib. Onlara ilkin tibbi yardım göstərilib. Bir neçə saat müşahidə altında saxlanıldıqdan sonra vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar.
Vəziyyəti yenidən pisləşən 2015-ci il təvəllüdlü (kişi) azyaşlı fevralın 12-si 15:00 radələrində Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Həkim heyəti tərəfindən azyaşlının bioloji ölüm faktı təsdiqlənib.
Hazırda digər 3 nəfərin müalicəsi Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.