Sumqayıtda zəhərlənən azyaşlılardan YENİ XƏBƏR – Yeniləndi
Hadisə
Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən 2021-ci il təvəllüdlü azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.
News24.az xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Mərkəzin Uşaq Xəstəxanasında hazırda 4 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri sabitdir. (Report)
**
Sumqayıt şəhərində dəm qazından zəhərlənmə ilə bağlı baş verən hadisə azyaşlının ölümü ilə nəticələnib.
News24.az xəbər verir ki, hadisə iki gün əvvəl şəhərin Xəzri bağları ərazisində qeydə alınıb.
Belə ki, çoxuşaqlı ailənin 6 üzvü yaşadıqları evdə dəm qazından zəhərlənib və onlar dərhal xəstəxanaya çatdırılaraq tibbi yardım alıblar.
Müalicədən sonra azyaşlılar evə buraxılsa da, zəhərlənənlərdən biri – 2024-cü il təvəllüdlü Cəbrayılova Gülcənnətin qəfil vəziyyəti pisləşib. Körpə yenidən xəstəxanaya yerləşdirilib.
Həkimlərin göstərdiyi tibbi yardıma və aparılan müayinələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.// Teleqraf
**
Aprelin 3-də saat 15:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunan 2024-cü il təvəllüdlü azyaşlının (qadın cinsli) aparılan reanimasiya tədbirlərinə baxmayaraq, 04.04.2026-cı il tarixində saat 05:10 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Bu barədə News24.az -ın sorğusuna cavab olaraq mərkəzdən məlumat verilib.
Bildirilib ki, meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.
"Azyaşlı 01.04.2026-cı il tarixində saat 18:10 radələrində dəm qazı zəhərlənməsi səbəbilə Reanimasiya şöbəsinə yerləşdirilmiş və yaxınlarının yazılı iltizamına əsasən 02.04.2026-cı il tarixində evə buraxılmışdı.
Əlavə edək ki, digər 5 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir, vəziyyətləri stabildir", - deyə məlumatda qeyd edilib.